AZ

Avstraliyanın ən məşhur hərbçisi həbs olundu

Avstraliyanın ən tanınmış və yüksək mükafatlara layiq görülmüş hərbçilərindən sayılan, "Viktoriya Xaçı" sahibi Ben Roberts-Smit yerli polis tərəfindən saxlanılıb.

Moderator.az xəbər verir ki, məlumatı "The Sydney Morning Herald" nəşri yayıb.

Keçmişdə Əfqanıstan ərazisində Avstraliya Xüsusi Hava Xidmətinin (SAS) tərkibində fəaliyyət göstərmiş 47 yaşlı hərbçi silahsız mülki vətəndaşların və hərbi əsirlərin qətlə yetirilməsində şübhəli bilinərək nəzarətə alınıb.

Sabiq yüksəkrütbəli xüsusi təyinatlıya qarşı irəli sürülən bu ittihamlar şahidlərin dindirilməsini də ehtiva edən beşillik əhatəli təhqiqat prosesindən sonra rəsmiləşib.

İddialara əsasən, Roberts-Smit 2006 və 2012-ci illəri əhatə edən xidmət dövründə silahsız məhbusların ölüm hökmünü şəxsən icra edib və ya onların güllələnməsi barədə göstərişlər verib.

Hərbçinin əfqanəsilli bir kəndlini qayadan atdığı güman edilir. Həmin şəxs daha sonra rütbəcə kiçik olan başqa bir əsgər tərəfindən atəşə tutularaq öldürülüb. Zabitin adı hallanan digər bir ağır cinayət isə protez ayağı olan əsirin qətlidir ki, sonradan həmin protezdən içki qabı kimi istifadə edilib.

Ben Roberts-Smit Əfqanıstan missiyasında iştirak etmiş Birlik əsgərləri arasında ən çox orden və medal qazanan şəxsdir. O, nüfuzlu "Viktoriya Xaçı" ilə təltif edilib. Qəzet onu müharibə qəhrəmanı kimi xarakterizə edir. Əgər cinayət əməlləri məhkəmədə təsdiqini taparsa, o, malik olduğu bütün titullardan məhrum edilə və ömrünün sonunadək həbsdə qala bilər.

Avstraliya hökumətinin rəhbəri Entoni Albaneze Roberts-Smitin saxlanılması barədə jurnalistlərin suallarına cavab verməkdən yayınaraq, işin hazırda məhkəmə müstəvisində olduğunu vurğulayıb.

Seçilən
10
1
moderator.az

2Mənbələr