AZ

Tanınmış alim və pedaqoq Revekka Barsukun yaradıcılıq irsi bu gün də aktuallığını qoruyub saxlayır

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Azərbaycan Dillər Universitetində tanınmış alim, Azərbaycanın ictimai-mədəni həyatında özünəməxsus yeri olan, zəngin mənəvi irsi və çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalı Revekka Yuliyevna Barsukun 110 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru filologiya elmləri doktoru, professor Həmidə Əliyeva çıxışında Revekka Yuliyevna Barsukun cəmiyyətin inkişafına verdiyi töhfələrindən, təhsil və mədəniyyət sahəsində səmərəli fəaliyyətindən danışıb.

Daha sonra alim, tərcüməçi, o zaman Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuş Revekka Yuliyevna Barsukun həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.

ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, Revekka Barsukun elmi və pedaqoji fəaliyyəti Azərbaycan elm və təhsil tarixində xüsusi yer tutur. Rektor onun zəngin yaradıcılıq irsinin bu gün də öz aktuallığını qoruduğunu qeyd edib. Akademik Kamal Abdulla xanım Barsukun tərcümə sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək, onun müxtəlif dillər və mədəniyyətlər arasında körpü rolunu oynadığını diqqətə çatdırıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tanınmış ziyalı Revekka Barsukun həyat və yaradıcılığı haqqında danışıb. Nazir müavini qeyd edib ki, Revekka Barsukun zəngin irsi bu gün də tədqiqatçılar və gənc nəsil üçün dəyərli mənbə olaraq qalır, milli-mənəvi dəyərlərin təbliğinə töhfə verir.

ADU-nun məzunu olmuş Əbülfəs Qarayev Revekka Barsukun həyat və elmi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, Barsukun zəngin elmi irsindən, pedaqoji fəaliyyətindən və tələbələrinə göstərdiyi xüsusi qayğıdan bəhs edərək, onun Azərbaycan elmi və təhsil mühitində silinməz iz qoyduğunu vurğulayıb. Əbülfəs Qarayev öz müəlliminə olan dərin sevgi və hörmətini ifadə edərək bildirib ki, Revekka Barsukun xatirəsi onun üçün hər zaman əzizdir və daim ehtiramla yad olunur.

Daha sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rafiq Salahov, pedaqogika elmləri doktorları, professorlar Akif Abbasov, Dilarə İsmayılova, professorlar Adil Babayev, Lalə Alahverdiyeva, Fərman Zeynalov, dosent Misgər Məmmədov, professor Məsmə Qazıyeva Revekka Yuliyevna Barsukla bağlı xatirələrini bölüşüblər. Çıxışçılar xanım Barsukun yüksək insani keyfiyyətlərindən, zəngin elmi irsindən və pedaqoji fəaliyyətindən bəhs edərək, onun tələbələrinə və həmkarlarına daim qayğı ilə yanaşdığını, elmi mühitdə xüsusi hörmət qazandığını vurğulayıblar. Qeyd olunub ki, xanım Barsukun elmi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmır, bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün örnəkdir.

Tanınmış beynəlxalq jurnalist, tərcüməçi, Revekka Yuliyevna Barsukun oğlu Mixail Qusman anasının xatirəsinə göstərilən diqqət və ehtiramın ailəsi üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. O bildirib ki, Revekka Barsukun həyatı və fəaliyyəti yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşında dərin iz buraxıb. Onun elmi və mənəvi irsi bu gün də yaşayır, yetişdirdiyi tələbələr və davamçıları tərəfindən yaşadılır və inkişaf etdirilir. Mixail Qusman anasının Azərbaycanla bağlı xatirələrinin hər zaman xüsusi yer tutduğunu vurğulayaraq, onun bu ölkəyə olan sevgi və bağlılığının ailə dəyərlərində də yaşadığını diqqətə çatdırıb. O, belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

Seçilən
17
3
azertag.az

4Mənbələr