AZ

TDT iqtisadi gücü siyasi qüvvəyə transformasiya olunacaq - ŞƏRH

Bakı, 7 aprel, AZƏRTAC

Orta Dəhliz Mərkəzi Asiya respublikaları, Azərbaycan və Türkiyənin ortaq dəyərinə çevrilib. Azərbaycanın bu layihəni təklif etməsi və onun fəaliyyətini təmin etmək üçün yaratdığı infrastruktur Türk dünyasını birləşdirməklə yanaşı Avrasiya məkanında yeni və qlobal siyasətə təsir etmək imkanında olan Türk Dövlətləri Təşkilatının (TDT) meydana çıxmasına səbəb olub. Bu quruma üzv dövlətlərin coğrafi mövqeyi və dövlətlər arasındakı mehriban münasibətlər onun əhəmiyyətini artırır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan deyib.

Onun sözlərinə görə, Asiya ilə Avropa arasında yerləşən TDT üzvləri həm özlərinin idxal-ixrac imkanlarını artırır, həm də tranzit yükdaşımadan gəlir əldə edirlər ki, bu da üzv dövlətlərin ayrı-ayrılıqda deyil birlikdə inkişafını şərtləndirir.

“Hazırda 5 milyon ton yükün daşındığı Orta Dəhlizlə yaxın gələcəkdə 10 milyon ton yük daşınacaq. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizinin də infrastrukturu hazırlanır. Türkiyə ərazisində də dəhlizin dəstəklənməsi üçün işlər aparılır. Qars-İğdır-Aralıq dəmir yolunun tikintisi üçün 2,4 milyard avro sərmayə tələb olunur. Bu sərmayənin bir qisminin ABŞ-dan cəlb ediləcəyini istisna etmək olmaz. Bu yol Zəngəzur dəhlizinin Avropaya kimi uzanmasını təmin edən bir yoldur və nəzərə almaq lazımdır ki, bu dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yoluna inteqrasiya olunacaq.

Çin Mərkəzi Asiyanın 5 dövləti üçün əsas ticarət tərəfdaşıdır. Çin ilə ticarət dövriyyəsinin artması Mərkəzi Asiya respublikalarının ixrac potensialını da artırır ki, bu da Orta Dəhlizlə daşınanacaq yüklərin artmasını şərtləndirəcək. Bütün bunlar ümumilikdə TDT-ın da güclənməsinə şərait yaradır. İqtisadi qüdrəti əldə etmədən siyasi proseslərə təsir göstərmək mümkünsüzdür. Bu baxımdan TDT-nin iqtisadi qüdrəti üçün Orta Dəhliz, onun ardınca isə Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizi layihələri tam reallıqdır və bu iqtisadi gücü siyasi qüvvəyə transformasiya etmək lazımdır”, - deyə o əlavə edib.

Seçilən
20
2
azertag.az

3Mənbələr