AZ

İttihamlar, ədavət və məhkəmə predmeti: Opera və Balet Teatrında nə baş verir? – ARAŞDIRMA

Bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr davam etməkdədir.

"Report" bu sənət məbədi ətrafında gedən proseslərin narahatlıq doğurdunu və aktuallığını nəzərə alaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

Beləliklə: Akademik Opera və Balet Teatrında nə baş verir?

Bir neçə gün öncə Xalq artisti Əvəz Abdulla özünün sosial media hesabında bu ilin 12 martında baş tutan son çıxışından sonra teatrın direktoru Xalq artisti Yusif Eyvazovun onunla əmək müqaviləsini uzatmadığını bildirib.

"Dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik bariton, yəni mən işdən çıxarıldım", – Ə.Abdulla əlavə edib.

Xalq artisti paylaşımında onunla müqavilənin uzadılmaması ilə bağlı heç bir əsas göstərilmədiyini də qeyd edib.

Əvəz Abdullanın bu yazısından sonra Opera və Balet Teatrının başqa keçmiş əməkdaşları da teatrda onlara qarşı müəyyən haqsızlığın olduğuna diqqət çəkiblər.

Xalq artisti baletmeyster Kamilla Hüseynova da, öz növbəsində, Xalq artisti Yusif Eyvazovun Opera və Balet Teatrına direktor təyin olunmasından sonra özünə qarşı haqsızlıqların olduğunu bildirib.

"Yusif Eyvazov mənim sənət qarşısındakı xidmətlərimi əhəmiyyətli saymadı", – deyə K.Hüseynova qeyd edib.

Baş verənlərin fonunda bəzi sosial media və saytlarda Xalq artisti dirijor Yalçın Adıgözəlovun da məhz rəhbərliklə yaranan mübahisədən sonra teatrdakı vəzifəsindən ayrıldığı ilə bağlı xəbərlər yazılıb.

Beləcə, biz hazırda Opera və Balet Teatrında ümumən hansı narazılıqların olduğuna nəzər salmış olduq. Belə olan halda, narazılıqlarını dilə gətirən yaradıcı şəxslərlə agentliyimiz adından əlaqə saxlamağa çalışdıq.

"Dedilər ki, mən çox vaxtı Azərbaycanda olmuram, bu da teatrın işinə mane olur"

Xalq artisti Əvəz Abdulla "Report"a açıqlamasında bildirib ki, martın 12-də Heydər Əliyev Sarayında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Aida" operasındakı çıxışının ardınca xarici səfərə yola düşüb.

"Yusif müəllim operadan sonra mənə dedi ki, bir məsələ var, zəng edəcəyəm, danışarıq, dedim yaxşı. Ayın 13-ü Almaniyaya gəldim. Ayın 31-i isə teatrın kadrlar şöbəsindən mənə mesaj vasitəsilə yazdılar ki, siz işdən azadsınız. Mən səbəb soruşanda dedilər ki, sizin müqavilənizin vaxtı bitib. Mən də dedim ki, axı Bakıda olanda deyilmişdi ki, filan tətbiqi yükləyin, onun vasitəsilə müqavilə uzadılacaq və sair. Dedilər ki, səbəb odur ki, mən çox vaxtı Azərbaycanda olmuram, bu da teatrın işinə mane olur".

Xalq artisti əlavə edib ki, bu mesajdan sonra teatrın direktoru Xalq artisti Yusif Eyvazovla əlaqə saxlamağa çalışsa da, buna nail olmayıb.

"Bu günə qədər bir neçə dəfə zəng vursam da, telefonu açmayıb. Bizim aramızda heç vaxt hər hansısa bir intriqa olmayıb, dəfələrlə eyni səhnəni bölüşmüşük, dəfələrlə Azərbaycanı yüksək səviyyədə dünya səhnələrində təmsil etmişik. Yəni münasibətimizdə hər hansısa bir qaranlıq məqam olmayıb".

Əvəz Abdullanın sözlərinə görə, Yusif Eyvazov Opera və Balet Teatrına direktor təyinatından sonra onu özü teatra dəvət edib.

"Məni dəvət elədi ki, gəl bir yerdə çalışaq. Mən ona dedim ki, çox vaxt xaricdə oluram, buna görə problem olmazmı? Mənə cavab bu oldu ki, bu bizi qane edir. Razılaşdıq. İndi isə mənim məhz bu səbəblə, – çox vaxt Azərbaycanda olmamaq, – müqaviləmin uzadılmaması çox qəribə və anlaşılmazdır. Yeri gələndə, Yusif Eyvazovun özü də çox vaxt Azərbaycanda olmur, bəs bu necə gözardı edilir?"

Xalq artisti Opera və Balet Teatrının repertuarı məsələsinə də toxunaraq bildirib ki, repertuar üç dəfəyə qədər azalıb.

"Yusif Eyvazov məni teatra dəvət edəndə ona repertuarın azlığını da dedim və təklif etdim ki, yeni tamaşalar qoyaq, hətta dedim ki, özüm hazırlaya bilərəm. Özü də pulsuz. O bunu çox müsbət qarşıladı, razılaşdı, dedi ki, hazırlayım. Mən həmin gündən bu məsələ ilə məşğul olmağa başladım, yazdım, hazırladım, dedim ki, hazırdır. Cavab bu oldu ki, yox, hələ qalsın, indi lazım deyil, təmirdən sonraya saxlayaq".

"İdarəetmə ayrı şeydir"

Əvəz Abdulla Yusif Eyvazovun Azərbaycanı dünya opera səhnələrində təmsil etməsindən məmnunluğunu ifadə edərək bildirib ki, buna rəğmən idarəetmə ayrı bir şeydir və o teatrın direktoru kimi vəzifəsinin öhdəsindən gələ bilmir.

Xalq artisti teatrın direktor müavini, Opera studiyasının direktoru Səbinə Əsədovanın da ona qarşı əsassız şəkildə kobud davranışını qeyd edərək bildirib ki, yaxın günlərdə bununla bağlı məhkəməyə müraciət edəcək.

"Heydər Əliyev Sarayında "Aida"nın nümayişindən sonra sosial mediada səslə bağlı bir irad yazılmışdı. Mən də bunu bəyəndim, çünki irad haqlı idi. Aydın məsələdir ki, Heydər Əliyev Sarayı Opera və Balet Teatrı deyil, bu mənada, səslə bağlı problemin olması qaçılmazdır. Səbinə Əsədova bu məsələni, yəni həmin iradı bəyənməyimi əsas gətirərək şəxsimə qarşı çox kobudluq etdi, hətta təhqirə qədər gedib çıxdı. Mən onu sakitləşdirməyə çalışsam da, nəticəsiz qaldı və qeyd etdiyim kimi, bu məsələni məhkəmə müstəvisinə daşıyacağam".

Teatrın yaradıcı mühitindən uzaqlaşan digər Xalq artisti Kamilla Hüseynova ilə də əlaqə saxladıq.

"Opera və Balet Teatrında belə bir praktika formalaşmışdı: kim kiminlə dostdursa, o da işləyir"

Kamilla Hüseynova teatrdan öz istəyi ilə ayrıldığını deyərək bildirib ki, buna səbəb teatr rəhbərliyi tərəfindən atılan addımlar olub.

"Teatrın direktoru Yusif Eyvazov teatr kollektivlərinin rəhbərləri və artistlər haqqında fikrini onların peşəkar keyfiyyətlərinə əsasən deyil, dost və tanışlarının dediklərinə əsasən formalaşdırırdı. O bunu belə izah edirdi ki, burada heç kimi tanımır və məlumat toplayır. Amma hətta bu halda belə o öz düşüncə qabiliyyətindən istifadə edib məlumatları təhlil etməyə cəhd göstərmirdi. Beləliklə, Opera və Balet Teatrında belə bir praktika formalaşmışdı: kim kiminlə dostdursa, o da işləyir".

Xalq artisti teatrda çalışdığı müddətdə özünə qarşı davranışın da qaydasında olmadığını ifadə edib.

"Mən Azərbaycanın Xalq artistiyəm, uzun illərə söykənən təcrübəm var, balet truppasının rəhbəri olmuşam, buna rəğmən teatrın direktoru mənə sual verdi ki, siz ümumiyyətlə kimsiniz? Yəni mənimlə münasibətlər də məhz bu tonda qurulurdu. Üstəlik, bütün tamaşalarım repertuardan çıxarıldı, halbuki Yusif Eyvazov onların heç birinə baxmamışdı və görməmişdi. Bununla bağlı heç bir izahat da verilmədi".

"Teatrın ən çətin dövlərində çalışmış bir Xalq artistinin teatrdan hansı səbəbdən getdiyini çağırıb soruşmaq olmazdımı?"

Kamilla Hüseynova işdən çıxmaqla bağlı ərizə yazdıqdan sonra direktor Yusif Eyvazovun səbəblə maraqlanmadığını da qeyd edib.

"Ərizəni yazdıqdan sonra yeni kadrlar şöbəsinin rəhbəri məni inandırmağa çalışdı ki, guya qanunsuz olaraq aldığım pulları teatra qaytarmalıyam. Lakin mən mövqeyimi vəkil vasitəsilə bildirdikdən sonra bu təzyiqlər dayandırıldı. Direktor isə mənim ərizəmi getmə səbəblərimlə maraqlanmadan imzaladı. Yəni teatrın ən çətin dövlərində çalışmış bir Xalq artistinin teatrdan hansı səbəbdən getdiyini çağırıb soruşmaq olmazdımı?"

Baş verənlərin fonunda Xalq artisti Yalçın Adıgözəlovun da iki il bundan əvvəl adıçəkilən teatrdan uzaqlaşması səbəbləri məlum olub.

Xalq artisti "Report"a verdiyi açıqlamada teatrdan ayrılmasının konkret səbəblərlə bağlı olduğunu bildirib.

"Teatrdan ayrılmağım iki il əvvəl baş verib. Buna səbəb isə belə bir qərar oldu: mənə bildirildi ki, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti üç pərdədən bir pərdəyə ixtisar edilib. Yəni iki saat yarımlıq səhnə əsəri 50 dəqiqəlik formaya salınıb. Bu, əslində, əsərin mahiyyətinə müdaxilə deməkdir. "Məhəbbət əfsanəsi" milli mədəniyyətimizin incilərindən biridir və 40-dan artıq ölkədə uğurla səhnələşdirilib. Belə bir əsərə bu şəkildə yanaşma qəbuledilməzdir".

"Akademik Opera və Balet Teatrı hazırda tənəzzül mərhələsinə qədəm qoyub"

Xalq artisti əlavə edib ki, "Məhəbbət əfsanəsi"nin ixtisar olunmuş variantının səhnəyə qoyulmasına etiraz etdikdən bir gün sonra ona aid bütün afişalar götürülüb.

"Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hazırda tənəzzül mərhələsinə qədəm qoyub. Mövcud proses bu sənət ocağını ciddi təhlükə ilə üz-üzə qoyur. Bu istiqamətdə dəyişikliklər baş verməzsə, teatrın əvvəlki nüfuz və səviyyəsinin bərpası son dərəcə çətin olacaq".

Baş verənlərlə bağlı növbəti döyəcəyimiz qapı Mədəniyyət Nazirliyi oldu.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyi öyrənilir və proses nazirliyin diqqətindədir

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı mediada səslənən məsələlərdən xəbərdardırlar.

"Nazirlik olaraq bu cür hallara həssas yanaşırıq. Mədəniyyət müəssisələri qarşıdurma yox, əməkdaşlıq məkanıdır. Bu prinsip bizim üçün əsasdır. Hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyi öyrənilir və proses nazirliyin diqqətindədir. Zərurət olduqda vəziyyətə institusional səviyyədə müdaxilə mexanizmləri tətbiq olunur".

"Zərurət yaranarsa, nazirlik platformasında müzakirələrin təşkili mümkündür"

Sorğuya cavabda həmçinin vurğulanıb ki, nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı fikir ayrılığı emosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayış çərçivəsində həllini tapsın.

"Həm teatr rəhbərliyi, həm də irad bildirən əməkdaşlarla ünsiyyət imkanları açıqdır. Zərurət yaranarsa, nazirlik platformasında müzakirələrin təşkili mümkündür. Əsas məqsədimiz vəziyyəti obyektiv qiymətləndirmək, balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal iş ritmini qorumaqdır".

Mədəniyyət Nazirliyinin cavabından məlum olur ki, teatr ətrafında baş verənlər onların diqqətindədir. Yaradıcı sənət ocaqlarında bu kimi fikir ayrılıqlarının tez-tez baş verdiyini nəzərə alaraq, nazirliyin belə məsələlərin həllində təcrübəsinin heç də az olmadığını və yaxın günlərdə Opera və Balet Teaatrı ilə bağlı konkret tədbirlərin görüləcəyini gözləmək olar.

Beləliklə, bu günün Azərbaycan tamaşaçısı və mediası teatr ocaqlarında sənət və sənətkarlığın, yeni tamaşaların, premyeraların müzakirəsini aparmaq istədiyi halda, bu cür məqamların olması olduqca təəssüf doğurur.

Əlbəttə, teatr mühiti yaradıcı mühit olduğu üçün burada fikir toqquşmalarının olması olduqca təbii haldır. Lakin bu fikir toqquşmaları sənət və yaradıcı müstəvidə olduqda həm teatral baxışın formalaşmasına, həm də inkişafına xidmət etdiyi kimi, başqa müstəvilərdə baş verəndə heç də sənətə və inkişafa xidmət etmir, əksinə teatr sənətinə, onun mədəni keçmişinə kölgə salır.

Azərbaycan tamaşaçısı bu gün teatr səhnəsində yeni-yeni tamaşaların təqdimatını görmək, izləmək, müzakirə etmək, media bu barədə geniş reportajlar hazırlamaq istədiyi halda, beləcə bu kimi zərərli və nüfuza zərbə vuran müzakirələrlə üz-üzə qalır.

Beləliklə Opera və Balet Teatrı ətrafında baş verənlərə media adından güzgü tutmaq üçün narazılıqlarını ifadə edən yaradıcı şəxslərlə əlaqə saxlayıb fikirlərini öyrəndik. Bu fikirlər əsasında teatrın direktoru Xalq artisti Yusif Eyvazovla əlaqə saxlamağa çalışsaq da, nail ola bilmədik. Belə olan halda, sözügedən iradlarla bağlı Opera və Balet Teatrına sualları ünvanladıq.

Bundan sonrası isə zamanın və ana teatrın boynuna...

Seçilən
42
2
far.az

3Mənbələr