Ölkədə peşə təhsili sahəsində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Buna səbəb peşə təhsil mərkəzlərində dövrün tələbinə uyğun ixtisasların açılması, emalatxanaların istifadəyə verilməsi, tələbələrə nəzəri biliklərlə yanaşı praktik bacarıqların öyrədilməsi kimi məsələləri qeyd etmək olar.
Lakin bəzi hallarda bu sahənin təbliği o qədər intensiv aparılır ki, şagirdlər peşə təhsili ilə universitet təhsili arasında seçim etməkdə tərəddüd yaşayırlar.
Bəs şagirdlər necə seçim etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov dedi ki, peşə təhsilinin nüfuzunun artması sevindirici haldır, lakin şagirdlər üçün qərar verməkdə müəyyən çətinliklər yaradır:
"Yəni peşə təhsilinin nüfuzunun yüksəlməsi, eyni zamanda onun təbliği və təşviqi şagirdləri seçim prosesində bir qədər çətin vəziyyətə sala bilər. Sualda qeyd olunduğu kimi, bu yanaşma doğrudur. Seçim qarşısında qalan gənclərə verə biləcəyim bir neçə tövsiyə var. Əlbəttə, ilk növbədə “mən nəyi bacarıram?” və “özümü harada görürəm?” suallarına cavab tapmaq vacibdir. Əgər şagird nəzəriyyədən daha çox praktikaya üstünlük verirsə, bir işi fiziki olaraq görüb nəticəni dərhal əldə etməyi sevirsə (məsələn, dizayn, İT kodlaşdırma, mühəndislik həlləri və s.), peşə təhsili mükəmməl seçim ola bilər. Əgər akademik araşdırma və uzunmüddətli elmi biliklər daha çox maraq doğurursa, bu halda universitet yolu daha uyğun hesab olunur. Elə sahələr var ki, orada dörd il təhsil almaqdansa, bir və ya iki il intensiv peşə təhsili alaraq əmək bazarına daha tez daxil olmaq mümkündür. Xüsusilə müasir sənaye texnologiyaları və rəqəmsal peşələr üçün peşə təhsili müəssisələri daha çevik və uyğun seçim sayılır. Bu baxımdan gənclər əmək bazarını da diqqətlə analiz etməlidirlər".
Müsahibimiz həmçinin qeyd etdi ki, digər mühüm amil maliyyə və zaman faktorudur:
"Peşə təhsili daha qısa müddətdə konkret bacarıqlar qazandırır və gəncin erkən yaşda müstəqil gəlir əldə etməsinə imkan yaradır. Universitet təhsili isə daha çox uzunmüddətli karyera quruculuğu və idarəetmə perspektivləri təqdim edir. “Peşə təhsili son deyil” yanaşması da burada vacib rol oynayır. Peşə təhsili alan şəxslər sonradan dövlət tərəfindən yaradılmış imkanlardan istifadə edərək ali təhsilə davam edə bilərlər. Bu halda “ya peşə təhsili, ya da universitet” dilemması aradan qalxır və seçim ardıcıllıq şəklində dəyərləndirilir. Ümumilikdə şagird öz arzusunu mütləq nəzərə almalıdır. O, özünü harada görürsə, hansı sahəyə maraq göstərirsə və hansı peşədə özünü daha rahat hiss edəcəyini düşünürsə, həmin istiqamətdə qərar verməlidir. Bu səbəbdən məktəb yaşlarından uşaqlara qərar qəbul etmə bacarıqlarının aşılanması vacibdir. Ölkəmizdə son illərdə peşə təhsilinə verilən önəm, bu sahədə həyata keçirilən dövlət siyasəti, regionlarda müasir infrastruktura malik və gələcəyin peşələrini öyrədən peşə mərkəzlərinin yaradılması bu sahəni daha cəlbedici edir".
İlqar Orucovun sözlərinə görə, əgər şagirdin xüsusi istedadı varsa və özünü akademik sahədə görürsə, onun üçün universitet yolu daha uyğun seçimdir.
"Əgər o, konkret peşə bacarıqlarına malikdirsə, uyğun ixtisas üzrə təhsil alması daha məqsədəuyğundur. Məsələn, şagirdin hobbisi aşpazlıq, mebel dizaynı və ya rəqəmsal sahələrlə bağlıdırsa, həmin istiqamətdə peşə təhsili seçməsi daha səmərəli nəticə verə bilər. Bu halda peşə təhsili ona lazım olan bütün praktiki bilik və bacarıqları təqdim edir. Şagirdin seçimində valideyn məsləhətçi və istiqamətverici rol oynaya bilər. Lakin “valideyn istəyir, ona görə ali təhsil almalıyam” yanaşması doğru deyil. Azərbaycan və ümumilikdə qlobal əmək bazarında müasir peşə ixtisaslarına ciddi tələbat var və hər kəsin ali təhsil alması zəruri deyil. Gənclər məktəb yaşlarından seçimlərini araşdırmalı, öz potensiallarını düzgün qiymətləndirməlidirlər. Onların gələcəkdə hansı sahədə özlərini görmələri əsas meyar olmalıdır.
Təəssüf ki, ölkəmizdə bəzi hallarda valideynlər gənclərin təhsil seçimlərinə həddindən artıq müdaxilə edirlər. Əgər bu müdaxilə düzgün istiqamət vermək məqsədi daşıyırsa, onu müsbət qiymətləndirmək olar. Lakin əksər hallarda valideynlər cəmiyyətdə formalaşmış stereotiplərin təsiri ilə qərar verirlər. Hansısa sahədə uğur qazanan birinin yolu hər kəs üçün uyğun olmaya bilər. Valideyn övladının istedadını erkən yaşda müəyyən etməli və onu həmin istiqamətdə dəstəkləməlidir. Əgər övladın oxumağa marağı və akademik potensialı varsa, bu istiqamət inkişaf etdirilməlidir. Bu proses dəstək xarakterli olmalı, təzyiq formasını almamalıdır" - deyə ekspert yekunlaşdırdı.
NURİYYƏ