Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesin səhhətində problem yaranıb.
Musavat.com Haberler.com-a istinadən xəbər verir ki, sənətçi xarici ölkələrdə keçirdiyi konsert proqramlarından sonra İstanbuldakı evində qəfil özünü pis hiss edib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən o, dərhal xəstəxanaya çatdırılıb. Sənətçinin xəstəxanaya yerləşdirilməsi xəbərindən sonra ailə üzvləri və yaxınları da tibb müəssisəsinə gəlib. Həkimlərin nəzarəti altında olan Tatlısəsin vəziyyətinin nəzarət altında saxlanıldığı bildirilir. İlkin məlumatlara əsasən, müğənninin ağır virusa yoluxduğu iddia olunur. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib. Onun bir müddət müşahidə altında qalacağı ehtimal edilir.
Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalmış və uzunmüddətli müalicə prosesi keçmişdi. Buna baxmayaraq, sənətçi sonrakı dövrdə yenidən səhnələrə qayıdaraq fəaliyyətini davam etdirib.
Şahanə Rəhimli
Musavat.com