AZ

Bu qoxu stresiAZALDIR

Alimlər sitrus meyvələrinin qoxusunun beyin fəaliyyətinə təsir edərək stress səviyyəsini azaltdığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Zhejiang" University alimləri tərəfindən aparılıb və "Food Quality and Safety" jurnalında dərc olunub.

Araşdırma zamanı mütəxəssislər dörd fərqli efir yağını Navel portağalı, pomelo-portağal hibridi, qırmızı portağal və qreypfrut yağlarını test ediblər. Tədqiqat iştirakçıları bu qoxuları inhalasiya edərkən onların beyin fəaliyyəti və vegetativ sinir sistemi göstəriciləri maqnit-rezonans tomoqrafiyası vasitəsilə ölçülüb.

Nəticələr göstərib ki, sitrus qoxuları orqanizmdə rahatlama effektini açıq şəkildə artırır. Belə ki, dərinin keçiriciliyi azalır, ürək ritmi isə istirahət vəziyyəti ilə əlaqəli olan parasimpatik aktivliyə yönəlir. Eyni zamanda beyində emosional tənzimləməyə cavabdeh sahələrdə alfa və delta dalğalarının güclənməsi müşahidə olunur ki, bu da müsbət emosiyalarla əlaqələndirilir.

Kimyəvi analiz zamanı efir yağlarında 60-dan çox aromatik birləşmə aşkar edilib. Onların arasında xüsusilə d-limonen, linalool, α-terpineol və geranial maddələri stressin azalması və müsbət emosiyaların artması ilə birbaşa əlaqələndirilib.

Tədqiqatçılar bildiriblər ki, qoxulara verilən emosional reaksiyalar çox vaxt şüuraltı baş verir və onları ölçmək çətin olur. Lakin müasir sensor texnologiyaları və neyrofizioloji üsullar sayəsində sitrus qoxularının sinir sistemi və beyin üzərində real təsiri aydın şəkildə müəyyən edilib.

Alimlər hesab edir ki, bu nəticələr gələcəkdə sitrus aromalarının qida məhsullarında, içkilərdə və ictimai məkanlarda istifadə olunmasına imkan yarada bilər. Bu yanaşma insanların daha rahat hiss etməsinə və diqqətinin artmasına kömək edə bilər.

NURİYYƏ

Seçilən
24
redaktor.az

1Mənbələr