Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Gürcüstana səfəri regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan region ölkələri ilə münasibətlərə hər zaman xüsusi önəm verib və xüsusilə Gürcüstanla əlaqələr daim yüksək səviyyədə inkişaf edib.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
O qeyd edib ki, Cənubi Qafqazda üç dövlət olmasına baxmayaraq, keçmiş Qarabağ münaqişəsi səbəbindən Ermənistanla münasibətlərimizin xarakteri bəlli idi: “Lakin Gürcüstanla münasibətlərimiz hər zaman yüksək səviyyədə olub və Azərbaycan bu əlaqələrin inkişafında daim maraqlı olub. Bu fakt da unudulmamalıdır ki, Azərbaycan həyata keçirdiyi bütün əsas enerji və logistika layihələrini məhz Gürcüstan üzərindən reallaşdırıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Bakı–Tbilisi–Ərzurum, eləcə də Cənub Qaz Dəhlizi kimi layihələrin Gürcüstan ərazisindən keçməsi həm Azərbaycanın maraqlarına xidmət edib, həm də Gürcüstan üçün böyük iqtisadi dividendlər gətirib”.
X.Bəşirov bildirib ki, bu əməkdaşlıq təkcə iqtisadi amillərlə məhdudlaşmır. Azərbaycanla Gürcüstan arasında münasibətlər bir çox səbəblərdən, xüsusilə qonşuluq və regional əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Qarşılıqlı düzgün xarici siyasət və dövlətlərarası münasibətlərin davamlı inkişafı bu prosesə təkan verib.
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gürcüstana səfəri məhz bu münasibətlərin daha da dərinləşdirilməsi və dinamik inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Gürcüstan Prezidenti və Baş naziri ilə keçirilən görüşlər, eləcə də yüksək səviyyəli qəbul və aparılan danışıqlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərində heç bir problem yoxdur, əksinə, bu əlaqələr inkişaf edən dinamika üzrə davam edir. Hazırda region mürəkkəb geosiyasi proseslərin təsiri altındadır. Cənubi Qafqazın şimalında və cənubunda davam edən münaqişələr fonunda regionda sülhün və sabitliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu isə Cənubi Qafqaz dövlətlərinin həyata keçirdiyi düzgün və uğurlu siyasətin nəticəsidir. Bu məsələdə Azərbaycanın rolu xüsusilə qeyd olunmalıdır. Çünki region üçün əsas təhlükə olan Qarabağ münaqişəsi məhz Azərbaycanın səyləri ilə aradan qaldırıldı və bununla da bölgədə yeni reallıq formalaşdı”, - deyə X.Bəşirov vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan hər zaman regionda sülh, təhlükəsizlik və əməkdaşlıq tərəfdarı olub. Azərbaycan göstərdi ki, Cənubi Qafqaz münaqişə deyil, əməkdaşlıq məkanı olmalıdır. Bu baxımdan Gürcüstan da bu yanaşmanı dəstəkləyir və Prezident İlham Əliyevin səfəri zamanı səsləndirilən bəyanatlar bunu bir daha təsdiqləyir. Bu sülh yolu alternativsizdir. II Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən irəli sürülən regional əməkdaşlıq təşəbbüsləri, o cümlədən “3+1” formatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu formatın əsasında region ölkələrinin – Azərbaycanın, Gürcüstanın və Ermənistanın birgə əməkdaşlığı dayanır. Gürcüstanın bu təşəbbüslərə müsbət yanaşması prosesə əlavə impuls verir. Ermənistan isə bu reallıqları qəbul etməli və nəticə çıxarmalıdır.
“Azərbaycan və Gürcüstan arasında sərhəd məsələləri də dövlətlərarası münasibətlərə mənfi təsir göstərmir. Sərhədlərin delimitasiya və demarkasiyası texniki məsələdir və bu məsələlərin siyasi münasibətlərə təsir etməsinə imkan verilməyib. Bu da iki ölkə arasında münasibətlərin sağlam əsaslar üzərində qurulduğunu göstərir və digər dövlətlər üçün nümunədir.
Qarşıdakı dövrdə Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələrlə daha da genişlənəcək. Xüsusilə yaşıl enerji sahəsində həyata keçirilən layihələr, Azərbaycanın Gürcüstan və Qara dəniz üzərindən Avropaya enerji ixracı təşəbbüsləri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm və tarixi əhəmiyyət kəsb edən hadisədir”, - deyən siyasi şərhçinin fikrincə, bu səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyən edilən yol xəritəsi Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişafına xidmət edəcək və regionda əməkdaşlıq mühitini gücləndirəcək.
Müxbir - Səbinə Əlizadə