Fransada yüksək sürətli qatarla hərbi yük maşınının toqquşması nəticəsində maşinist həyatını itirib, 13 sərnişin yaralanıb. 1news.az xarici mediaya istinadən xəbər verir ki, qəza ölkənin şimalında yerləşən Pas-de-Kale vilayətində, Betün və Lans şəhərləri arasında səhər saatlarında baş verib. Pas-de-Kale Prokurorluğunun açıqlamasında bildirilib ki, Dankerk stansiyasından Paris istiqamətinə hərəkət edən yüksək sürətli qatarla hərbi yük maşınının toqquşması nəticəsində maşinist hadisə yerində ölüb. Qatarın sərnişinlərindən 2-si ağır olmaqla ümumilikdə 13 nəfərin xəsarət aldığı qeyd olunub. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb, faktla bağlı araşdırmalara başlanılıb. Fransanın nəqliyyat naziri Filipp Tabaro sosial şəbəkə platforması X üzərindən verdiyi açıqlamada hadisə yerinə gedəcəyini bildirib. Rəsmilər qəza səbəbindən Pas-de-Kale vilayətinin daxil olduğu Hauts-de-France bölgəsində dəmir yolu nəqliyyatında fasilələrin yaranacağını açıqlayıb.