AZ

Dosent: AMEA ölkəmizin intellektual potensialının formalaşmasında strateji rol oynayır

Bakı, 7 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixində imzaladığı Sərəncamla martın 27-si ölkəmizdə Elm Günü kimi təsis edilib. Sərəncam elmin, alimlərin və akademik düşüncənin əhəmiyyətini ifadə etməklə yanaşı, elmi biliklərin milli sərvət kimi təşviqinə göstərilən diqqətin bariz nümunəsidir. Bu baxımdan martın 27-si elm adamlarının, bütövlükdə ölkəmizin intellektual potensialına töhfə verən və bu sahədə fəaliyyət göstərən hər kəsin peşə bayramı kimi tariximizdə öz yerini alaraq rəsmiləşib. Sərəncamla cəmiyyətə bir daha çatdırılıb ki, intellektual potensial dövlətin həyata keçirdiyi siyasətlə sıx bağlıdır və elm ümummilli miqyasda inkişafın alternativsiz vasitəsi, strateji xəttidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov deyib. O, qeyd edib ki, elmi innovasiyaların yeni dövrün tələblərinə uyğunlaşdırılması, elmi fəaliyyətin dövlət siyasəti ilə qarşılıqlı şəkildə koordinasiya edilməsi ölkəmizin yeni inkişaf modelinə keçməsində çox böyük rol oynayıb. Yeni dövrün reallıqları həm də onu göstərdi ki, bütün sahələrdə olduğu kimi, milli ideologiya, milli kimlik, mədəni və mənəvi dəyərlərə yanaşmada elmin vəzifələri indi daha da artıb.

2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu vəzifələrin yerinə yetirilməsində yeni mərhələnin əsasını qoyub. Ölkəmizin ali elmi təşkilatı olaraq AMEA-nın bütün strukturlarla sıx şəkildə fəaliyyət göstərməsi yeni dövrün zəruri tələbidir. Bu çağırışlar dilimizin, tariximizin, milli ideologiyamızın gələcəyi üçün elmi fəaliyyətin səfərbər olunmasını və Azərbaycan elminin qarşısında duran yeni tarixi vəzifələrin həll edilməsinə dəstəyi ifadə edib. Çünki regionda və dünyada baş verən proseslər göstərir ki, zəngin milli və intellektual sərvətlərimizə qarşı hər zaman olduğu kimi, bu gün də hücumlar, kölgə salmaq cəhdləri var. Belə cəhdlərin qarşısının alınmasında elmin və elm adamlarının düşüncəsi, zəkası güclü vasitədir.

“AMEA xalqımızın milli sərvəti olaraq ölkəmizin intellektual potensialının formalaşmasında strateji rol oynayır. Məhz bu istiqamətdə elmin koordinasiya edilməsi və yeni hədəflərin elmi əsaslarının müəyyənləşdirilməsi yeniləşən Akademiyanın ən böyük vəzifəsidir. Bu vəzifələr AMEA-nın “2025–2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin bölmələrində və bu konsepsiyanın həyata keçirilməsini zəruri edən amillərdə əksini tapıb. Bu konsepsiya elmi dövlət siyasətinin yeni istiqamətləri ilə daha sıx şəkildə bağlayır, onun yerini, məqsəd və vəzifələrini aydın şəkildə önə çıxarır. Bütün bunlar elmin və akademik düşüncənin xalqımız, dövlətimiz üçün nə qədər önəm kəsb etdiyini göstərir”, - deyə alim bildirib.

Seçilən
13
1
azertag.az

2Mənbələr