7 Aprel – Ümumdünya Sağlamlıq Günü bütün dünyada olduğu kimi Azərbaycanda da əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyəti və səhiyyə sisteminin mövcud vəziyyətinin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə ölkədə səhiyyə infrastrukturunun yenilənməsi, icbari tibbi sığortanın tətbiqi və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində mühüm addımlar atılıb.
Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova QHT.az-a açıqlamasında Azərbaycanda səhiyyə sistemində həm nailiyyətlər, həm də ciddi çağırışlar olduğunu vurğulayıb.
O bildirib ki, 7 aprel tarixində dünyada Ümumdünya Sağlamlıq Günü qeyd olunur. Sədr əlavə edib ki, günün əsas məqsədi insanların sağlamlıq hüququna diqqəti artırmaq, səhiyyə sistemlərinin inkişafını təşviq etmək və cəmiyyətləri daha sağlam gələcəyə istiqamətləndirməkdir.
Səadət Bayramova bildirib ki, son illər ölkədə səhiyyə sektorunda genişmiqyaslı islahatlar həyata keçirilir. Onun sözlərinə görə, xüsusilə İcbari Tibbi Sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə çıxışını müəyyən qədər asanlaşdırıb.
S.Bayramovanın sözlərinə görə, dövlət xəstəxanalarının maddi-texniki bazası gücləndirilib, regionlarda yeni tibb müəssisələri istifadəyə verilib və bəzi xidmətlər üzrə əlçatanlıq artıb. O qeyd edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərə yaşadıqları regionlara dərmanların çatdırılması və təminatı mərhələli şəkildə həyata keçirilir.
Sədr vurğulayıb ki, rəqəmsallaşma istiqamətində atılan addımlar da diqqətəlayiqdir. Elektron reseptlər və onlayn qeydiyyat sistemlərinin tətbiqi vətəndaşların səhiyyə xidmətlərindən istifadəsini daha rahat və şəffaf etməyə başlayıb.
Bununla yanaşı, Səadət Bayramova səhiyyə sistemində hələ də həllini gözləyən bir sıra məsələlərin qaldığını diqqətə çatdırıb. O bildirib ki, əsas problemlərdən biri xidmət keyfiyyəti ilə bağlıdır.
“Regionlar və paytaxt arasında tibbi xidmətlərin səviyyəsində fərqlər hiss olunur, bu isə pasiyentlərin paytaxt xəstəxanalarına üz tutmasına səbəb olur” – deyə sədr qeyd edib.
Onun sözlərinə görə, bəzi hallarda ixtisaslı kadr çatışmazlığı və müasir tibbi yanaşmaların yetərincə tətbiq olunmaması həm pasiyentlər, həm də paytaxtdakı tibb müəssisələri üçün əlavə çətinliklər yaradır.
S.Bayramova əlavə edib ki, dərman təminatı və xəstələrin üzərinə düşən maliyyə yükü də mühüm problemlər sırasındadır. Xüsusilə xroniki və nadir xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müalicəyə çıxışın hələ də çətin olaraq qaldığını bildirib.
“Müasir və effektiv dərmanların hər kəs üçün əlçatan olmaması sosial bərabərsizliyi daha da dərinləşdirə bilər” - deyə o vurğulayıb.
Səadət Bayramova qeyd edib ki, müasir səhiyyə sisteminin əsas prinsiplərindən biri pasiyent yönümlü yanaşmadır. Bu yanaşma yalnız müalicəni deyil, həm də insanların ehtiyaclarının, hüquqlarının və həyat keyfiyyətinin nəzərə alınmasını əhatə edir.
Sədr xüsusilə nadir xəstəliklərlə yaşayan şəxslərin problemlərinin daha çox diqqət tələb etdiyini, bu istiqamətdə ictimai təşkilatların rolunun böyük olduğunu bildirib.
Onun fikrincə, Azərbaycanda səhiyyə sisteminin daha effektiv olması üçün tibbi xidmətlərin keyfiyyətinin vahid standartlara uyğunlaşdırılması, regionlarda ixtisaslı kadrların sayının artırılması, dərman təminatının yaxşılaşdırılması, profilaktik tibbin və maarifləndirmənin gücləndirilməsi, eləcə də pasiyent hüquqlarının qorunması əsas prioritetlərdən olmalıdır.
Sonda Səadət Bayramova vurğulayıb ki, Ümumdünya Sağlamlıq Günü yalnız təqvimdə bir tarix deyil, həm də cəmiyyətin sağlamlığa verdiyi dəyərin göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sahəsində görülən işlər ümidverici olsa da, daha inklüziv, əlçatan və keyfiyyətli sistemin qurulması üçün davamlı və məqsədyönlü addımların atılması vacibdir.
Sədr əlavə edib ki, sağlam cəmiyyət güclü dövlətin əsasını təşkil edir və səhiyyə sahəsinə qoyulan hər bir investisiya əslində gələcəyə qoyulan sərmayədir.
Fatimə Nəbiyeva