AZ

 Rusiyanın enerji atəşkəsi təklifini qəbul etməsi inandırıcı deyil ANALİTİK

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Qərb diqqətsizliyi Rusiyaya sərbəst hərəkət imkanı verir

Volodimir Zelenskinin son açıqlamaları Rusiya ilə Ukrayna arasında davam edən müharibənin enerji infrastrukturu müstəvisində yeni mərhələyə keçə biləcəyini göstərir. Ukrayna lideri Moskvanın enerji obyektlərinə zərbələri dayandıracağı təqdirdə Kiyevin də analoji addım atmağa hazır olduğunu bildirərək qarşılıqlı deeskalasiya üçün şərtli kompromis siqnalı verib. Bu yanaşma münaqişənin ən həssas istiqamətlərindən biri sayılan enerji sisteminin hədəf alınmasının məhdudlaşdırılması ehtimalını gündəmə gətirir. Zelenski eyni zamanda qeyd edib ki, Ukrayna tərəfi dəfələrlə, xüsusilə Pasxa ərəfəsində humanitar atəşkəs təşəbbüsü ilə çıxış etsə də, bu çağırışlar cavabsız qalıb. Onun sözlərinə görə, dini və humanitar məqamların belə nəzərə alınmaması müharibənin sərt və kompromissiz xarakter aldığını göstərir. Bu kontekstdə enerji infrastrukturuna qarşı hücumların davam etməsi təkcə hərbi deyil, həm də sosial-iqtisadi nəticələr doğurur; elektrik təchizatında fasilələr, istilik sistemlərinin dayanması və sənaye obyektlərinin fəaliyyətində pozuntular mülki əhali üçün əlavə risklər yaradır.

Ekspertlərin fikrincə, tərəflərin enerji sektoruna qarşı hücumları dayandırması barədə mümkün razılaşma gərginliyin qismən azaldılması üçün ilkin addım kimi qiymətləndirilə bilər. Bununla belə, belə bir mexanizmin işlək olması üçün qarşılıqlı etimad, beynəlxalq vasitəçilik və nəzarət mexanizmlərinin formalaşdırılması vacib hesab olunur. Əks halda, enerji obyektlərinin hədəfə alınması münaqişənin daha geniş miqyas almasına və regional enerji təhlükəsizliyinə əlavə təhdidlərin yaranmasına səbəb ola bilər.

Siyasi şərhçi Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Zelenskinin enerji atəşkəsi təklifi hər iki tərəf üçün məqbul ola biləcək və olduqca təqdirəlayiq bir davranışdır:

“Həm Ukrayna, həm də Rusiya qarşılıqlı olaraq enerji sektoruna zərbələr endirirlər, bunun nəticəsində hər iki ölkədə mülki əhali enerji çatışmazlığı ilə üzləşir və bu ciddi problemlər yaradır. Lakin indiki mərhələdə Rusiyanın bu təklifə pozitiv cavab verəcəyi o qədər də inandırıcı görünmür. Bunun səbəbi yaxın Şərqdə baş verən hərbi böhranların Ukrayna savaşına birbaşa təsir etməsidir. Əvvəllər ABŞ və digər Qərb dövlətləri Ukraynaya həm maliyyə, həm də hərbi dəstək verirdilər. Lakin yaxın Şərqdə baş verən savaş nəticəsində bu dəstək ciddi şəkildə azalıb. Hazırda ABŞ demək olar ki, Ukraynaya aktiv dəstək vermir, kollektiv qərb isə ABŞ-nin kənara çəkilməsi fonunda əvvəllki dəstəyi təmin etməkdə çətinlik çəkir”.

Ekspert deyib ki, bu vəziyyət Rusiyanın maraqlarına uyğundur:

“Bir tərəfdən Rusiya öz enerji resurslarını daha geniş həcmdə və daha yüksək qiymətə dünya bazarına çıxarmaq imkanına malik olur. Əldə olunan maliyyə vəsaitləri isə Ukrayna savaşına yönəldilir. Digər tərəfdən, dünyanın diqqətinin yaxın Şərqdə olması Rusiyaya daha sərbəst hərəkət etməyə imkan yaradır. Buna görə də ehtimal olunur ki, Rusiya Ukraynadan gələn enerji atəşkəsi təklifini qəbul etməyəcək. Əksinə, Ukraynaya qarşı hərbi zərbələri genişləndirəcək və infrastrukturunun tam dağıdılmasına çalışacaq. Bu isə yaxın vaxtlarda Ukrayna və Rusiya arasında sülh ehtimalının hələ də inandırıcı olmadığını göstərir”.

Analitik əlavə edib ki, hazırkı şəraitdə ABŞ və Qərbin davranışı həm Ukraynanı, həm də bütün dünyanı risk altında qoyur:

“Rusiya, diqqətdən kənar qaldığını və qazandığı enerji gəlirlərini nəzərə alaraq, Ukraynaya qarşı daha sərbəst hərəkət edə bilər. Bu səbəbdən Avropa dövlətlərinin Ukraynaya diqqəti artırması vacibdir. Əks halda, Avropa birbaşa Rusiya ilə sərhəd qonşusuna çevrilə bilər ki, bu da tarixi təhlükə yaradar. Qərb dövlətlərinin addımları isə hələlik qeyri-müəyyəndir, çünki onlar yalnız öz maraqlarını güdür və hərbi münaqişələrə birbaşa müdaxilə etməkdə cəsarət göstərə bilmir. Bu da Rusiyanın enerji atəşkəsi təklifindən daha çox hərbi zərbələrə üstünlük verməsinə səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
sherg.az

1Mənbələr