AZ

Qərbin silah bazarında böyük savaş

ABŞ və Avropada müdafiə sektorunda yeni oyunçular köhnə nəhəngləri sıxışdırır.

Musavat.com xəbər verir ki, “Politico”nun analitik yazısında (müəllif: Laura Kayali) Qərbin silah sənayesində köklü dəyişikliklərin baş verdiyi və ənənəvi nəhənglərlə yeni startaplar arasında sərt rəqabətin formalaşdığı qeyd olunur.

Məqalədə bildirilir ki, illərdir bu sahəyə “Lockheed Martin”, “Boeing”, “Thales” və “BAE Systems” kimi iri şirkətlər nəzarət etsə də, son dövrdə yeni yaradılmış müdafiə startapları bazara daxil olaraq iri dövlət müqavilələrini qazanmağa başlayıb.

NATO-nun transformasiya üzrə ali komandanı admiral Pyer Vandye bu prosesi iki fərqli dünyanın toqquşması kimi qiymətləndirir. Onun sözlərinə görə, bir tərəfdə ənənəvi şirkətlər, digər tərəfdə isə riskdən çəkinməyən, sürətli inkişaf edən startaplar dayanır.

Bu tendensiyanın konkret nümunələri də var. ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Anduril” ABŞ ordusu ilə 10 illik və 20 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb. Almaniyada isə hökumət “Stark” və “Helsing” kimi yeni şirkətlərlə milyardlarla avroluq pilotsuz uçuş aparatları müqavilələri bağlayıb.

Bu qarşıdurma ötən ay xüsusilə aydın görünüb. Belə ki, “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger Ukraynanın dron sənayesini “Lego ilə oynamaq” kimi dəyərləndirib. Lakin buna baxmayaraq, İranın mümkün əks-hücumlarından qorunmaq istəyən Körfəz ölkələri Kiyevlə müqavilələr bağlamağa və daha ucuz, eyni zamanda dronları vurmaqda daha effektiv olan Ukrayna sistemlərini almağa üstünlük verir.

“Politico” yazır ki, bu rəqabət Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda daha da sürətlənib. NATO daxilində innovasiyaya cavabdeh olan Vandye qeyd edir ki, mövcud müdafiə sənayesi hələ də Soyuq müharibə dövrünün məntiqi ilə işləyir və kütləvi istehsalda çətinlik çəkir.

Onun fikrincə, bu vəziyyətdən çıxış yolu mülki və hərbi sənayenin yenidən yaxınlaşmasıdır. Tarixi nümunə kimi o, İkinci Dünya müharibəsində ABŞ-də avtomobil istehsalçıları tərəfindən kütləvi şəkildə buraxılan “Sherman” tanklarını göstərir.

Vandye bildirir ki, bəzən daha az mükəmməl, lakin kütləvi istehsal edilə bilən sistemlər daha effektiv olur.

Eyni zamanda Avropa ilə ABŞ arasında fərqlər də vurğulanır. Onun sözlərinə görə, Avropada riskə meyl daha aşağıdır və bu, startapların inkişafını məhdudlaşdırır. Məsələn, Fransanın kosmik müdafiə startapı “Dark” dövlət dəstəyinin azlığı səbəbindən fəaliyyətini dayandırmalı olub.

Buna baxmayaraq, bəzi ölkələr artıq yeni əməkdaşlıq modellərini sınaqdan keçirir. Fransanın “Renault” şirkəti hərbi dron istehsalını nəzərdən keçirir, “Volkswagen” isə İsrailin “Rafael” şirkəti ilə hərbi logistika texnikası istehsalı üzrə danışıqlar aparır.

NATO rəsmisinin fikrincə, hazırda Qərb müdafiə sənayesi “Darvin mərhələsinə” daxil olub – yəni ya yeni şirkətlər köhnə nəhənglərə qoşulacaq, ya da onları sıradan çıxaracaq.

Beləliklə, “Politico”nun təhlilinə görə, silah sənayesində baş verən bu dəyişikliklər yaxın illərdə qlobal hərbi balansın formalaşmasına birbaşa təsir göstərə bilər.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr