Səs-küyə səbəb olan açıqlama ilə bağlı geri dönüş olunub.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentində müdafiə və təhlükəsizlik komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Andranik Koçaryan qalmaqallı açıqlamasına görə üzr istəyib.
O, “Facebook” səhifəsində yazaraq bildirib ki, sözlərinin cəmiyyətdə narazılıq və müxtəlif şərhlərə səbəb olmasından təəssüflənir.
Koçaryan qeyd edib ki, parlamentdə jurnalistin sualına cavab verərkən məqsədi Ermənistan qanunvericiliyinin təhsil və elmi fəaliyyətə verdiyi önəmi vurğulamaq olub. Onun sözlərinə görə, bu çərçivədə bəzi şəxslərə hərbi xidmətdən azadolma imkanı verilir.
Deputat əlavə edib ki, böyük oğlu bütün təhsil mərhələlərini keçərək elmi fəaliyyətlə məşğuldur, kiçik oğlu isə Ermənistan Silahlı Qüvvələrində xidmət edib və 44 günlük müharibədə iştirak edib.
O, açıqlamasının yanlış anlaşıldığını bildirərək üzr istəyib.
Xatırladaq ki, Koçaryan bundan əvvəl oğlunun hərbi xidmətdən azad olunmasını onun bilik səviyyəsi ilə əsaslandıraraq demişdi:
“Oğlum biliklərinə görə hərbi xidmətdən azad olunub. O, yüksək səviyyəli insandır – sizin də belə bilikləriniz olsaydı, siz də xidmət etməzdiniz”.
Bu ifadə cəmiyyətdə geniş narazılığa səbəb olmuşdu.
Musavat.com