AZ

Azərbaycanda qəbul sistemi: Mövcud qaydalar və mümkün dəyişikliklər

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı müzakirələr vaxtaşırı yenidən gündəmə gəlir. Xüsusilə bəzi ölkələrdə tətbiq olunan və abituriyentlərin yalnız seçdikləri ixtisas üzrə əsas fənndən imtahan verərək universitetə qəbul ola bilməsi modeli yerli təhsil ictimaiyyətində də maraq doğurur.

Bəs Azərbaycanda bu cür yanaşmanın tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tətbiq olunan qaydalara əsasən abituriyentlərin yalnız bir əsas fənn üzrə imtahan verərək universitetə qəbul olması qətiyyən mümkün deyil.

Subbakalavrlara

Ekspertin sözlərinə görə, mövcud sistem çoxşaxəli qiymətləndirmə prinsipi üzərində qurulub:

“Buraxılış imtahanları çərçivəsində abituriyentlər Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini nümayiş etdirirlər. Qəbul imtahanlarında isə seçilən ixtisas qruplarına uyğun olaraq bir neçə əsas fənn üzrə nəticələr nəzərə alınır. Yalnız 5-ci ixtisas qrupu üzrə — qabiliyyət tələb edən ixtisaslarda bəzi hallarda buraxılış imtahanlarının nəticələri kifayət edə bilər”.

Məzahir Məmmədli qeyd edib ki, qəbul mərhələsində də əsas fənlər üzrə yüksək nəticə toplamaq vacibdir:

“Abituriyentlər seçdikləri ixtisas qrupları üzrə topladıqları ümumi bala əsasən seçim edirlər. Bu sistem şagirdlərin yalnız bir sahə üzrə deyil, ümumi akademik biliklər üzrə də qiymətləndirilməsinə imkan yaradır.

Yalnız bir fənn üzrə imtahan modelinin tətbiqi bir sıra risklər yarada bilər. Bu yanaşma digər fənlərə marağın azalmasına səbəb olar və nəticədə şagirdlərin ümumi bilik səviyyəsini qiymətləndirmək çətinləşər. Hazırda Azərbaycanda qiymətləndirmə əsasən test üsulu ilə aparılır və bu metod geniş bilik spektrini əhatə etməyə imkan verir”.

O, beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, bəzi Avropa ölkələrində konkret proqramlar üzrə ixtisaslaşmış imtahanlar mövcuddur. Lakin bu, tam şəkildə yalnız bir fənn üzərindən aparılan qiymətləndirmə demək deyil:

“Orada da müəyyən profil üzrə üstünlük verilsə də, ümumi akademik hazırlıq nəzərə alınır. Azərbaycanda isə müxtəlif fənlərin mənimsənilməsi gələcək mütəxəssis kimi formalaşmaq baxımından vacib hesab olunur”.

Beləliklə, mövcud qaydalara əsasən Azərbaycanda abituriyentlərin yalnız bir əsas fənn üzrə imtahan verərək universitetə qəbul olunması praktikası tətbiq edilmir və yaxın perspektivdə də bu modelin reallaşması gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr