Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baltikyanı ölkələrə dolayısı ilə təhdidlər səsləndirib və onları guya öz hava məkanlarını Ukraynaya Rusiya ərazisinə zərbələr üçün təqdim etməkdə ittiham edib.
HİT.az xəbər verir ki, onun sözlərini “Kyiv Independent” yayıb. Zaxarova xüsusilə qeyd edib ki, Baltikyanı ölkələr müvafiq xəbərdarlıq alıblar.
“Əgər bu ölkələrin rejimlərində kifayət qədər sağlam düşüncə varsa, onlar bunu dinləyəcəklər. Əks halda, onlara cavabla üzləşmək lazım gələcək”, deyə Zaxarova bildirib.
Rusiya XİN-in bu açıqlamaları Ukraynanın Baltik dənizi sahilində yerləşən Rusiya neft terminallarına dron hücumlarını artırması fonunda səslənib. Lakin “Reaktiv Poçta” xeyriyyə təşkilatının təsisçisi və hərbi ekspert Pavel Narojnının fikrincə, bu cür bəyanatlar ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub:
“O Polşa əsgərləri ilə bağlı nağıllar kimi. Ruslar qəbul edə bilmirlər ki, onların hava zərbələri bizim dron istehsalını dayandıra bilmir. Bizdə Rusiyadakı kimi ‘Yelabuqa’ zavodu kimi bütün istehsalı cəmləşdirən bir mərkəz yoxdur. Ona görə də onların zərbələri istehsalı dayandırmır və ruslar bunu hətta özləri üçün belə etiraf edə bilmirlər".
Samir