İran ABŞ-dan münaqişənin nizamlanması ilə bağlı təkliflər aldığını bildirir. Bu təkliflər, xüsusilə, danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun əvəzinə vitse-prezident Cey Di Vensin iştirakını nəzərdə tutur. Musavat.com xəbər verir ki, bu barədə Fars agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ ciddi dialoq qurmaq məqsədilə danışıqlar formatını dəyişməyi və İranın tələblərinə cavab olaraq daha yüksək səviyyədə təmaslara keçməyi təklif edir. Eyni zamanda, Vaşinqton davam edən gərginlik fonunda enerji daşıyıcılarının qiymətlərinin mümkün artımından narahatdır və bunun qarşısını almağa çalışır.

Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, ABŞ və İsraillə İran arasında müharibə yeni, daha dağıdıcı bir mərhələyə keçid ərəfəsindədir. Ş.Cəlilzadə xatırladıb ki, bu gün danışıqlar üçün verilən müddət sona çatır:
“Tramp İrana danışıqlar üçün öncə 48 saat, sonra 10 gün, sonra 1 gün daha vaxt verdi. Lakin bu danışıqlarla heç nə həll edilə bilmədi. Trampın təklif etdiyi 15 maddəlik sülh planı İranda “çox sərt” adlandırıldı və rədd edildi. Pakistandan irəli sürülən, müvəqqəti (45 günlük) atəşkəs şərtilə ikimərhələli sülh təklifi, o cümlədən atəşkəs müddətində əsaslı sülh danışıqlarının aparılması təklifi İranda qəbuledilməz hesab edildi. Çünki ABŞ və İsrail nə indi, nə də əvvəlki 12 günlük müharibədə danışıqlar dövründə atəşi kəsdilər. İran müvafiq müddətdə razılaşma olmazsa daha dağıdıcı hücumla təkrar üzləşəcəyini yaxşı bilir. İran danışıqlar üçün xüsusi nümayəndə Uitkoffu və Trampın kürəkəni Kuşneri istəmir. Çünki onlar hələ 12 günlük müharibədən bir gün əvvəl sülh vədi ilə danışıqlar üçün gələrkən səhəri gün İrana qarşı genişmiqyaslı hava hücumu başlanmışdı. Başqa sözlə, ABŞ bu şəxslərin sözlərini etibarlı hesab etmir. Odur ki, danışıqların vitse-prezidentlə davam etdirilməsini tələb edir”.

Ekspertin fikrincə, danışıqların iştirakçılarının kimliyi prinsipial məsələ deyil: “Hətta Tramp özü danışıqlarda iştirak etsə belə, düşünmürəm ki, 24 saatdan da az bir müddətdə nəyəsə nail olunsun. İran son olaraq ABŞ-ə 10 maddəlik sülh planını çatdırıb. Bu planı isə Tramp bəyənməyərək “Yetəri qədər yaxşı deyil” kimi dəyərləndirib. Belə ki, müvafiq plana görə İran planda kompensasiya əvəzi Hörmüzdən keçid üçün 2 milyon dollar tələbini əks etdirir. Həmçinin, Hörmüzün açılması, nüvə proqramından (uranın zənginləşməsindən) imtina əvəzində sanksiyaların tam aradan qaldırılmasını və təhlükəsizlik zəmanətləri tələb edir. Aydındır ki, tərəflər bir-birinin tələb və şərtlərini böyük ölçüdə qəbuledilməz hesab edirlər. Belə olan halda müharibənin daha geniş miqyas alması qaçılmazdır”.
Nigar Həsənli
Musavat.com