AZ

Rusiya Belarusda yeni PUA bazaları qurur?

Rusiya Federasiyası qonşusu Belarusdakı hərbi varlığını artırır.

"Cebheinfo.az" "Forbes" jurnalına istinadən xəbər verir ki, Rusiya Belarus ərazisində ən azı dörd ədəd uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) idarəetmə məntəqəsi inşa etməyi planlaşdırır.

Ukraynalı rəsmilər bu vəziyyətin Rusiyanın Ukrayna ərazilərinə hücumlarını artırmasına imkan yaradacağından narahatdırlar.

Qeyd olunur ki, Minsk ilə Kiyev arasındakı məsafə cəmi 440 kilometrdir. Bu məsafə Rusiyanın paytaxtı Moskva ilə Ukrayna arasındakı 1 500 kilometrlik məsafə ilə müqayisədə kifayət qədər qısadır.

"Forbes"-a danışan ekspertlər bu bazaların fəaliyyətə keçəcəyi təqdirdə Ukraynanın hava hücumlarına qarşı reaksiya müddətinin əhəmiyyətli dərəcədə azalacağını, bunun da infrastruktur hədəflərinə yönəlmiş hücumları daha ölümcül hala gətirə biləcəyini bildirirlər.

Lakin Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey "Fleş" Beskrestnov mediada çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Beskrestnov mövzu ilə bağlı bu açıqlamanı verib:

"Belarusdan “Şahid” PUA-larını buraxmaq üçün aerodromlar inşa edildiyinə dair hər hansı məlumatım yoxdur. Məlumatların bu şəkildə təhrif edilməsi məni şoka saldı. Bu cür təhriflər çətin günlərdən keçən xalqımız üzərində psixoloji təzyiq yaradır".

Nəşrin iddiasına görə, məlumat Ukrayna mətbuatında geniş əks-səda doğursa da, Ukrayna Müdafiə Nazirliyi hələlik məsələyə rəsmi reaksiya verməyib.

Lakin Rusiyanın daha əvvəl Belarus ərazilərindən PUA hücumları üçün istifadə etdiyi məlumdur. Ekspertlər mövzunun yaxından izlənilməli olduğunu vurğulayırlar.

Seçilən
57
1
cebheinfo.az

2Mənbələr