AZ

KARAT Bayraktar Kızılelma platformasına inteqrasiya edildi - Türkiyənin daha bir uğuru

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsində əldə etdiyi nailiyyətlər yeni texnologiyalarla daha da genişlənir.

Missiya.Az Korrekt.az-a istinadən xəbər verir ki, müdafiə sənayesində “oyun dəyişdirici” kimi qiymətləndirilən bu sistemlər sırasında ASELSAN tərəfindən hazırlanmış KARAT texnologiyası xüsusi yer tutur.

Məlumata görə, KARAT artıq Bayraktar Kızılelma platformasına inteqrasiya edilib və yaxın gələcəkdə Türkiyənin milli döyüş təyyarəsi olan TAI KAAN üzərində də tətbiq olunacaq.

Mütəxəssislərin sözlərinə görə, müasir döyüş texnologiyalarında əsas çağırışlardan biri düşmən tərəfindən aşkarlanmanın minimuma endirilməsidir. KARAT sistemi bu sahədə mühüm üstünlüklər təqdim edir. Sistem inkişaf etmiş infraqırmızı axtarış və izləmə (IRST) texnologiyasına əsaslanır və ənənəvi radar sistemlərindən fərqli olaraq heç bir siqnal yaymadan hədəfləri müəyyən edə bilir.

KARAT uzaq məsafələrdən düşmən təyyarələrinin yaydığı istilik izlərini aşkar edərək, xüsusilə “görünməz” kimi tanınan 5-ci nəsil qırıcıların belə yerini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Bununla yanaşı, sistem aşkar etdiyi hava hədəflərini dəqiq şəkildə izləyə bilir.

Qeyd olunur ki, KARAT-ın Bayraktar Kızılelma platformasına inteqrasiyası Türkiyənin pilotsuz döyüş aparatlarına yeni imkanlar qazandırıb. Beləliklə, əvvəllər yalnız 5-ci nəsil qırıcı təyyarələrdə mövcud olan texnologiyalar artıq pilotsuz sistemlərdə də tətbiq edilir.

“Görünmədən görmək və düşməni fərqinə varmadan aşkar etmək” prinsipi ilə fəaliyyət göstərən KARAT-ın milli platformalara strateji üstünlük qazandıracağı vurğulanır. Bildirilir ki, Türkiyə müdafiə sənayesində hazırlanmış digər yeni sistemlərin də yaxın gələcəkdə müxtəlif platformalara inteqrasiyası davam edəcək.

Seçilən
11
missiya.az

1Mənbələr