AZ

Orta Dəhlizin inkişafı Cənubi Qafqazın qlobal iqtisadi rolunu gücləndirir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 aprel, AZƏRTAC

Son illərdə Cənubi Qafqaz regionunun nəqliyyat-logistika potensialı əhəmiyyətli dərəcədə artıb və bu tendensiya hər ötən gün daha da güclənir. Mürəkkəb geosiyasi proseslərin fonunda regionun sabit və etibarlı tranzit məkanı kimi çıxış etməsi Orta Dəhlizə marağı artıran əsas amillərdəndir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazdan keçən Orta Dəhlizin əsas dayaqlarından biri Trans-Qafqaz magistralıdır. Bu marşrut Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Gürcüstanın liman infrastrukturu ilə birləşərək Avropa istiqamətində əsas çıxışı təmin edir.

R.Ağamirzəyev vurğulayıb ki, xüsusilə Gürcüstanın Qara dəniz sahilində yerləşən liman və terminallar kompleksi regionun logistika gücünü formalaşdıran əsas elementlərdəndir. Ekspert qeyd edib ki, bu sahildə yerləşən dörd əsas obyekt – Batumi limanı, Poti limanı, Anaklia limanı və Kulevi neft terminalı Orta Dəhlizin Qara dəniz üzərindən davamlılığını təmin edir.

“Batumi limanı multimodal daşımaların mühüm qovşaqlarından biri kimi çıxış edir. Burada illik olaraq 1,7 milyon ton quru yük, 109,6 min TEU konteyner, 1,9 milyon ton neft və 366 mindən çox bərə yükü emal olunur. Liman KazMunayGas tərəfindən idarə olunur və enerji daşımalarında xüsusi rol oynayır. Poti limanı isə Gürcüstanın ən böyük dəniz limanı olmaqla konteyner daşımalarının təxminən 80 faizini təmin edir. Limanda 15 körpü, 29 kran və 22 kilometrlik dəmir yolu infrastrukturu mövcuddur. 2025-ci il üzrə konteyner dövriyyəsinin 600 mindən çox TEU olması gözlənilir. Liman APM Terminals tərəfindən idarə olunur və Qara dənizin əsas konteyner qapısı hesab edilir. Anaklia dərin dəniz limanı hazırda tikinti mərhələsindədir və böyük tonnajlı gəmilərin qəbuluna imkan verəcək”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Ekspertin sözlərinə görə, bu layihə Orta Dəhlizin gələcəkdə əsas logistika mərkəzlərindən birinə çevriləcək və regionda tranzit rəqabətini artıracaq: “Kulevi neft terminalı isə enerji daşımalarında strateji əhəmiyyətə malikdir. İllik ötürmə gücü 10 milyon ton olan terminalda 28 rezervuar (ümumi həcmi 407 min kubmetr) və eyni vaxtda 200-dən çox vaqonu qəbul edə bilən estakadalar fəaliyyət göstərir. Terminal SOCAR tərəfindən idarə olunur və Tengizchevroil ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir”.

R.Ağamirzəyev bildirib ki, bu liman və terminal kompleksi Orta Dəhlizin ayrılmaz hissəsi olmaqla Avropa ilə Asiya arasında yük axınlarının fasiləsizliyini təmin edir.

“Bu infrastruktur həm konteyner, həm də enerji daşımalarında regionun rolunu gücləndirir və Cənubi Qafqazı qlobal logistika xəritəsində ön plana çıxarır. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi və əlavə nəqliyyat bağlantılarının yaradılması bu potensialı daha da artıracaq: “Nə qədər çox alternativ marşrut və logistika imkanları yaradılarsa, bu, regionda inteqrasiyanı sürətləndirəcək və bütövlükdə Cənubi Qafqazın Avrasiya iqtisadi sistemində rolunu gücləndirəcək”, - deyə Rauf Ağamirzəyev əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr