AZ

Rusiyada heyvanların kütləvi məhvinin “sirli səbəbi”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kənd təsərrüfatı məhsullarının ixracına qlobal qadağa qoyula bilər

Rusiya kənd təsərrüfatı görünməmiş bir böhranın içindədir. Sibirdən gələn fermerlər paytaxt Moskvaya yürüş edərək Kremlin qapısını döyür, on minlərlə heyvanın diaqnoz qoyulmadan məhv edilməsinə etiraz bildirirlər. 

Rəsmi qurumların "adi xəstəlik" pərdəsi altında gizlətməyə çalışdığı mənzərə isə daha dəhşətlidir.

Sibirdən gələn fermerlərin əsas tələbi heyvanların kütləvi qırğınına son qoyulmasıdır. Mart ayı ərzində Rusiyanın müxtəlif regionlarında (Altay, Xakasiya, Novosibirsk, Penza) 90 minə yaxın xırdabuynuzlu və iribuynuzlu heyvan məhv edilib. Təkcə Altay diyarında 77 min heyvan "utilizasiya" olunub. Fermerlər iddia edirlər ki, heyvanların xəstə olub-olmaması yoxlanılmadan, sadəcə "profilaktika" adı ilə kəndlinin son çörək ağacı əlindən alınır.

Bundan başqa, fermerlər Rusiyanın Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmasını tələb edirlər. Onların fikrincə, məhz bu təşkilatın sərt baytarlıq qaydaları Rusiyadakı aqrar siyasəti kiçik təsərrüfatların məhvinə yönəldir.

Rəsmi orqanlar kütləvi qırğını pasterellyoz və ya quduzluqla izah etməyə çalışırlar. Lakin mütəxəssislər bu versiyaya şübhə ilə yanaşırlar. Epidemioloq Mixail Favorov qeyd edir ki, pasterellyoz müalicə oluna bilən xəstəlikdir və buna görə yüz minlərlə heyvanın məhvi dünya təcrübəsində yoxdur.

Onun fikrincə, tətbiq edilən tədbirlər – xüsusilə nəqliyyat vasitələrinin təkərlərinin dezinfeksiya edilməsi birbaşa Dabaq (Yauşur) xəstəliyinə işarə edir. Dabaq çox yoluxucudur və xarici mühitə dözümlüdür. Əgər bu xəstəlik rəsmən etiraf olunsa, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına (taxıl daxil olmaqla) qlobal qadağa qoyula bilər. Bu isə iqtisadiyyat üçün 10 milyarddan 100 milyard dollara qədər itki deməkdir.

Məsələ ilə bağlı iqtisadçı və siyasi ekspertlərin rəyləri vəziyyətin sadəcə "baytarlıq problemi" olmadığını göstərir.

İqtisadçı, Harvard Universitetinin mütəxəssisi Andrey Yakovlev bildirir ki, Rusiya hakimiyyəti hazırda iki od arasındadır: 

“Bir tərəfdən ixrac bazarlarını (məsələn, Qazaxıstan və Çin) itirmək qorxusu, digər tərəfdən daxili bazarda artan narazılıq. Qazaxıstanın artıq Rusiya qatarlarını geri qaytarması göstərir ki, qonşular artıq təhlükəni hiss ediblər. Mərkəzi Asiya Rusiya üçün həm logistik hab, həm də sanksiyalardan yayınma marşrutudur. Bu bazarların bağlanması Rusiya üçün ağır zərbə olacaq".

Ekspert həmçinin qeyd edir ki, ölkədə ümumi iqtisadi model də böhrandadır. Metalurgiya nəhəngləri (Severstal və s.) tikinti sektorunun çökməsi səbəbindən işçilərin maaşlarını azaldır. Dövlətin vergi yığmaq cəhdləri isə əks-effekt verir: müəssisələr bağlanır, əhali kütləvi şəkildə banklardan pulunu çəkərək nağd ödənişlərə keçir (təkcə son vaxtlar 1.5 trilyon rubl nağdlaşdırılıb).

İqtisadi gərginlik fonunda oliqarx Oleq Deripaskanın çıxışı da müzakirələrə səbəb olub. O, iqtisadi bloku rublu süni şəkildə gücləndirməkdə ittiham edərək, hər kəsi həftədə 6 gün, gündə 12 saat işləməyə çağırıb. Ekspertlər bunu "Kremlə sadiqlik nümayişi" kimi qiymətləndirsələr də, reallıqda bu, Rusiyanın hərbi resurslarının tükəndiyinin və yükün adi insanların üzərinə qoyulduğunun etirafıdır.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr