
2026-cı ilin əvvəlində Yaxın Şərqdə baş verən geosiyasi gərginliklərin qlobal turizm və aviasiya sektorunda ciddi təsirləri açıq hiss olunmaqdadır.
Turizm üzrə mütəxəssis, "Smart" hotellər qrupunun rəhbəri Ceyhun Aşurovun sözlərinə görə, 28 fevraldan sonra (müharibə başlayandan) təxminən 70 min uçuş ləğv olunub. Hava məkanlarının bağlanması və marşrutların uzanması uçuşları daha uzun və bahali edib. Aviaşirkət xərclərinin 25%-i yanacağın payına düşür və neft qiymətlərinin artması vəziyyəti daha da ağırlaşdırır. Paralel olaraq Asiya-Avropa istiqamətində biletlər 70%-ə qədər bahalaşıb (1500+ USD).
Neft qiymətlərinin təsirinə gəlincə, mütəxəssis deyir ki, kəskin qiymət artımı yalnız turizmə deyil, qlobal ticarətə də təsir edir. Belə ki, yükdaşımaların qiymətinin 5-6 dəfə artması nəqliyyat və xidmət xərclərini də yüksəldib.
"Turizmdə ūmumi rezervasiyalarda azalma müşahidə olunur (hətta hələ başlamayan yay mövsümü üçün belə) Münaqişə uzanarsa, turizm tələbatının 20-25% azalacağı proqnozlaşdırılır. Analitiklər yüksək qiymətlərin payıza qədər davam edə biləcəyini də istisna etmirlər", - deyə Ceyhun Aşurov qeyd edir.
Azərbaycana gəldikdə, mütəxəssisin fikrincə, hazırkı mənzərə ölkəmizə 2026-cı ilin yanvar-fevral aylarında təkcə Körfəz ölkələrindən gələn turistlərin 11% azaldığını (55.3 min nəfər) göstərir: "Aviabiletlərin bahalaşması və uçuşların azalması turist axınına birbaşa təsirini davam etdirməkdədir.
Nəticə olaraq demək olar ki, COVİD-dən sonra yenicə bərpa olunmağa başlayan turizm sektoru yeni bir böhranla üz-üzədir. Hətta münaqişə qısa müddətdə başa çatsa belə, yüksək yanacaq qiymətləri bir müddət uçuş və səyahət xərclərinə təzyiq göstərməyə davam edəcək.
Mövcud qeyri-müəyyənlik fonunda yaxın gələcəkdə turistlərin daha uzaq məsafələrə səyahət qərarlarını daha çox düşünəcəkləri və daha ehtiyatlı davranacaqları ehtimalı çoxalır. Bu vəziyyət iqtisadiyyatı turizmdən asılı olan ölkələrə daha çox təsir edəcək.