AZ

Azərbaycan Ruanda ilə iqtisadi potensialın Afrika və Avropada tanıdılmasını müzakirə edib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Ruanda arasında iqtisadi potensialın Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparılıb.

525.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr Ruandaya işgüzar səfəri çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin bu ölkəninin bir sıra dövlət və özəl qurumlarında keçirdiyi görüşlərdə aparılıb. Görüşlərdə həmçinin Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov iştirak edib.

Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Fidelis Mironko ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycanın və Ruandanın iqtisadi potensialının Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparıblar.

Ruandanın ticarət və sənaye naziri Prudens Sebahizi ilə görüşdə perspektivli tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrin araşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Özəl Sektor Federasiyasının baş katibi Kallixte Kanamugire ilə görüşdə ölkələrimiz arasında işgüzar münasibətlərin gücləndirilməsi müzakirə olunub, həmçinin biznes dairələri arasında əlaqələndirmə işlərinin aparılmasına dair razılıq əldə edilib.

Ruandanın Milli Kənd Təsərrüfatı və İxrac Şurası ilə görüşdə qurumun fəaliyyəti, ixracyönümlü məhsullar və bu məhsulların keyfiyyətinə nəzarət üzrə fəaliyyət göstərən laboratoriya barədə məlumat təqdim edilib. AZPROMO nümayəndələri laboratoriya ilə tanış olublar.

Ruandanın aparıcı qəhvə istehsalçısı "Gorilla"s Coffee" şirkətinin nümayəndələri ilə görüşdə şirkətin ölkəmizdə fəaliyyətinin qurulması istiqamətində müzakirə aparılıb. Bundan başqa AZPROMO nümayəndələri şirkətin istehsal müəssisəsi ilə tanış olublar.

Ruanda İnkişaf Şurası ilə görüş zamanı potensial tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Ruanda tərəfi "Interfood Azerbaijan" sərgisinə və bu il təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

Səfər çərçivəsində AZPROMO nümayəndələri Kiqali Xüsusi İqtisadi Zonasını ziyarət edib, buradakı müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
525.az

1Mənbələr