AZ

“Real”ın “Bavariya”ya qarşı seriyası davam edəcəkmi?

Çempionlar Liqasında 36 komandadan yalnız 8-i “sağ qalıb” və 1/4 final artıq “qapımızı döyür”.

"Footall-plus.az" xəbər verir ki, 4 cütdən üçünü erkən final da adlandırmaq olar. Yalnız “Sportinq” – “Arsenal” dueli hələ ki bu ifadə üçün uyğun gəlmir. Adəti üzrə hər matçın maraqlı məqamlarına toxunmağa çalışacağıq.

“Arsenal” heç vaxt “Sportinq”ə uduzmasa da...
“Real”la “Bavariya” avrokuboklar tarixində ən çox qarşılaşan klublardı. Bu gün bu iki nəhəng 29-cu dəfə üz-üzə gələcək. Aydın məsələdi ki, onların yolu yalnız Avropanın ən mötəbər klub turnirində kəsişib. Qələbə sayında “kral klubu” üstündü (13:11). Ümumiyyətlə, 2013/14-dən bəri bu “əjdahalar”ın yolu ÇL-in pley-offunda 4 dəfə kəsişib və bunların hamısında da mərhələni məhz “Real” adlayıb! Münhen nəhənginin bu rəqib üzərində son zəfəri 2011/12-nin yarımfinalında, o da penalti seriyasında qeydə alınıb. Həmin vaxt “Real”ı Joze Mourinyo çalışdırırdı. “Blankos” hazırda “rekordmayster”ə qarşı 9 oyunluq məğlubiyyətsiz seriyaya malikdi (7 qələbə, 2 heç-heçə). Ümumiyyətlə, “Real”ın ÇL-in pley-offunda Almaniya təmsilçilərinə qarşı son 9 duelin hamısından qalib ayrılması diqqəti çəkir. “Bernabeu”da isə “Real” almanlara son 25 oyunun yalnız 1-də uduzub (19 qələbə, 5 heç-heçə). Bu rəqəmlər “Bavariya”lıları qorxutmaya bilməz. ÇL-də son 14 oyunda 13 qol vuran və bu mövsüm rəsmi matçlarda 48 dəfə fərqlənən Keyn bundesliqada son matçı zədə üzündən buraxıb. Amma ünlü forvardın bu gün meydanda olacağı gözlənilir.

“Bude/Qlimt”lə oyunda möhtəşəm geridönüşə imza atan “Sportinq”i bu dəfə daha ciddi rəqib - “Arsenal” gözləyir. Bu komandaların yolu ötən mövsüm ÇL-in liqa mərhələsində kəsişmişdi. Həmin vaxt London nəhəngi 5:1 üstün olmuşdu. Özü də Lissabonda. Ümumiyyətlə, “Arsenal”ın bu rəqibə qarşı keçirdiyi 5 oyunun heç birində uduzmayıb (2 qələbə, 3 heç-heçə). Ancaq digər tərəfdən, bu komandaların indiyə qədər baş tutan yeganə pley-off duelindən “Sportinq” qalib ayrılıb. 2022/23-də AL-in 1/8 finalında Lissabon (2:2) və Londonda (1:1) qeydə alınan heç-heçələrdən sonra “ağ-yaşıllar” penalti seriyasında üstün olmuşdu.

Bu duel bir-birinə zidd olan faktlarla zəngindi. Məsələn, bir tərəfdən, İngiltərə klubları Portuqaliya klublarına qarşı son 10 pley-off duelinin hamısında sevinən tərəf olub. Amma digər tərəfdən, “Sportinq” İngiltərə klublarına qarşı son 10 duelin 9-dan qalib ayrılıb! Yeganə uğursuzluq 2021/22-nin 1/8 finalında “Mançester Siti” ilə oyunlarda qeydə alınıb (evdə 0:5, səfərdə 0:0). “Portu”nun 2003/04-dəki tarixi zəfərindən bəri ÇL-in 1/4 finalı sanki Portuqaliya klubları üçün lənətlənmiş mərhələyə çevrilib. O vaxtdan bu yana Portuqaliya təmsilçiləri bu mərhələdə 9 dəfə iştirak edib, hamısında da iki oyunun nəticəsinə görə məğlub olub. “Sportinq”in heyətində əsl dünya ulduzuna çevrilən, 102 rəsmi oyunda 97 qol vuran isveçli Viktor Dyökereşin “Joze Alvalade”də necə qarşılanacağı və necə oyun sərgiləyəcəyi də maraq doğurur.

“Liverpul” yenə “Park de Prens”i fəth etməyə çalışacaq
Bu mövsüm artıq 4 dəfə qarşılaşan “Barselona” ilə “Atletiko” indi də ÇL-də kimin güclü olduğuna aydınlıq gətirəcək. Bu 4 oyundan 3-ü Kataloniya, 1-i Madrid nəhənginin qələbəsi ilə bitib. Maraqlıdı ki, bu komandalar ÇL-də, adətən, 1/4 finalda üz-üzə gəlir. Bu hal həm 2013/14-də, həm də 2015/16-da yaşanıb. Özü də hər iki halda mərhələni “Atletiko” keçib! Ümumiyyətlə, avrokuboklarda “Barselona”nın İspaniya klublarına qarşı göstəricilərinin (24 oyun, 7 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət) “Atletiko”nun İspaniya klublarına qarşı göstəricilərindən (25 oyun, 11 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət) daha zəif olması diqqəti çəkir! “Blauqrana”nın indiyə qədər avrokuboklarda öz həmyerlilərinə qarşı 11 pley-off duelinin yalnız 4-dən qalib ayrılmasını da yuxarıda qeyd etdiyimiz tendensiya ilə əlaqələndirmək olar. “Barsa” əsas ulduzlarından olan Rafinyanın xidmətindən faydalana bilməyəcək və bu məqam bu dueldə heç də az əhəmiyyət kəsb etməyəcək. Yamal yaxşı formada olsa da, bu mövsüm istər ÇL-də, istərsə də daxili turnirlərdə iddialı rəqiblərdən heç birinin qapısına yol tapa bilməyib. Rafinyanın oynamamasından başqa “Barsa” fanatlarını komandanın müdafiədəki inamsız oyunu da narahat etməlidi. Flikin komandası ÇL-də son 13 qarşılaşmanın heç birində qapısını toxunulmaz saxlaya bilməyib!

“Atletiko”nun son dönəmlərdə ÇL matçları şən və məhsuldar keçir. Komandanın ÇL-də son 34 matçının heç biri qolsuz bitməyib. Bu mövsüm isə “Atletiko”nun 12 ÇL matçında qapılara 55 qol vurulub! Bu faktları nəzərə aldıqda ən azı oyunun maraqsız və qolsuz keçməyəcəyini iddia etmək olar.
PSJ ilə “Liverpul”un ötən mövsüm 1/8 finaldakı dueli ÇL-in bəzəyinə çevrilmişdi. Həmin vaxt Paris nəhəngi evdəki ilk oyunda minimal hesabla uduzsa da, cavab matçından başlayaraq yüksəlişə keçmiş və sonda tarixində ilk dəfə bu turniri qazanmışdı. Düzdü, Luis Enrikenin komandası “Enfild”də yalnız penalti seriyasında sevinə bilmişdi. Ancaq sonrakı mərhələlərdə “Aston Villa” (evdə 3:1, səfərdə 2:3) və “Arsenal” (səfərdə 1:0, evdə 2:1) maneələri də uğurla dəf edildi. Elə bu mövsüm də parislilər 1/8 finalda “Çelsi”ni asanlıqla yendilər. Yəni PSJ ingilislərə qarşı son 4 pley-off duelinin hamısından qələbə ilə ayrılıb və son 10 oyunun yalnız 1-də uduzub (7 qələbə, 2 heç-heçə). ÇL-in 1/4 finalı da Fransa nəhənginin sevimli mərhələsidi. Komanda bu mərhələdə son 4 dueldən qalib ayrılıb. Olduqca qeyri-sabit mövsüm keçirən “Liverpul” bu dueldə autsayder kimi görünür. Amma digər tərəfdən, bu məqam komandanın xeyrinə işləyə bilər.

Premyer-liqada onsuz da mersisaydlıların çempion titulunu qorumaq şansı qalmayıb. “Qırmızılar” bütün gücünü ÇL-ə qoyacaq. Ötən mövsüm “Park de Prens”i fəth etmək mümkün olmuşdusa, niyə eyni uğur bu dəfə təkrarlanmasın?! Hər halda PSJ bu mövsüm liqa mərhələsində bir neçə dəfə uduzub və məğlubedilməz komanda təsiri bağışlamır. Onu da bildirək ki, “Liverpul”un Fransa təmsilçilərinə qarşı keçirdiyi son 36 matçının heç biri qolsuz bitməyib.

1/4 final, ilk oyunlar
7 aprel
Real – Bavariya

Cəzalı: yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)

Sportinq – Arsenal
Cəzalı: Yulmann/yoxdu
Hakim: Daniel Zibert (Almaniya)

8 aprel
Barselona – Atletiko

Cəzalı: yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)

PSJ – Liverpul
Cəzalı: yoxdu
Hakim: Xose Mariya Sançes (İspaniya)

Seçilən
12
1
football-plus.az

2Mənbələr