Bakı sakini Dilarə Bağırova hüquqlarının pozulması və mülkiyyətinin əlindən alınmasından şikayətçidir.
Musavat.com-a müraciət edən vətəndaş deyir ki, ona məxsus avtomobil yüksək rütbəli məmurların müdaxiləsi ilə qanunsuz şəkildə əlindən alınıb.
3 ay öncə onun "Mercedes" markalı avtomobili Heydər Əliyev Sarayının yaxınlığında Binəqədi İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı güc tətbiq edilərək avtomobili qanunsuz şəkildə əlindən alınıb. Şikayətçi bu qanunsuzluğun arxasında şəxsi maraqların dayandığını vurğulayır:
"Dəfələrlə ədliyyə naziri Fərid Əhmədovla görüşməyə çalışsam da, nazir məni qəbul etmədi. Sonuncu dəfə 6 mart tarixində Qobustan rayonunda cənab Fərid Əhmədovun qəbulu idi. Ora da getdim, yenə də nazir məni qəbul etmədi. Nazirin mühafizəçiləri tərəfindən fiziki zorakılığa da məruz qaldım”.
Vətəndaş deyir ki, onun maşınını qanunsuz olaraq əlindən aldıran şəxslə nazirin yaxın qohumluq əlaqələri haqda iddialar var. Dilarə Bağırova məsələ ilə bağlı ölkənin ali qurumlarına müraciət etdiyini bildirir. O, Prezidentin köməkçisi − Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olduğunu, icra qurumunun qanunsuz hərəkətlərindən şikayət etdiyini də bildirib. Deyib ki, bundan sonra Fuad Ələsgərov özbaşınalığa son qoyulması və ona məxsus maşının dərhal qaytarılması barədə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədova tapşırıq verib. Şikayətçi bildirir ki, Fuad Ələsgərovun tapşırığından sonra da vəziyyət dəyişməyib. Əllərində məhkəmə qərarı olmasına baxmayaraq, Binəqədi İcra Şöbəsi qanunsuz olaraq ondan alınan maşını qaytarmaqdan imtina edir və məhkəmə qərarını icra etməkdən tam qanunsuz olaraq boyun qaçırır.
Vətəndaş ölkə rəhbərliyinə müraciət edərək mülkiyyət hüququnun bərpa olunmasını və məhkəmə qərarlarının icrasına mane olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir.
Məsələ ilə bağlı əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədəliyev,
Musavat.com