AZ

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm əhəmiyyətə malikdir

Bu səfər təkcə Bakı deyil, eyni zamanda Tbilisi üçün də olduqca vacibdir

Çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələri günümüzdə təkcə yaxın qonşuluq münasibətləri, eyni zamanda yüksək səviyyəli siyasi əməkdaşlıqla kifayətlənmir. Bu iki qonşu ölkəni qlobal əhəmiyyətə malik regional layihələr də daha yaxın edir və Bakı ilə Tbilisi arasında əlaqələrə xüsusi rəng qatır. Müstəqillik illərindən daha da genişlənən Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkənin ortaya qoymuş olduğu siyasi iradə nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Gürcüstana baş tutan dövlət səfəri, səfər zamanı dövlət başçımıza, onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək səviyyəli qonaqpərvərlik dediklərimizin təsdiqidir.

Mürəkkəb geosiyasi vəziyyətdə, yaxın regionumuzda müharibələrin getdiyi bir ərəfədə Azərbaycan dövlət başçısının Gürcüstana baş tutan dövlət səfəri mühüm əhəmiyyətə malikdir. Bu səfər təkcə Bakı deyil, eyni zamanda Tbilisi üçün də olduqca vacibdir. Bir qədər də konkretləşdirsək, deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqaz regionunda geosiyasi balansın, mövcud sabitliyin qorunması, paralel olaraq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nəqliyyat marşrutlarının daha da inkişaf etdirilməsi və genişləndirilməsi baxımından mühüm strateji hadisədir.

Səfərin regionda sülhə və sabitliyə fayda verəcəyi şübhəsizdir. Məlumdur ki, Azərbaycan və Gürcüstan uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri quraraq regionda sabitliyin bərqərar olmasında aparıcı rol oynayırlar. Bu səfər də öz növbəsində mövcud sabitliyin, eyni zamanda bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək. Bakı və Tblisinin qeyd edilən sahədə əməkdaşlığı regional təhlükəsizliyə də öz töhfəsini vermiş olur. Nəticədə bundan ümumilikdə Cənubi Qafqaz fayda qazanır.

Azərbaycanla Gürcüstanı siyasi aspektdə bir-birinə bağlayan tellərdən biri də həm Bakı, həm də Tbilisinin müstəqil xarici siyasət yürütməsidir. Bu istiqamətdə birgə fəaliyyət regionda sabitliyin pozulmasına yönəlmiş xarici risklərə qarşı da ortaq mövqenin formalaşmasına imkan yaradır. Bu baxımdan səfər zamanı aparılan danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə, xüsusilə sərhəd təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması və regional sabitliyin təmin olunmasına xidmət edir. Müasir dövrdə qlobal və regional çağırışların artdığı bir şəraitdə bu cür koordinasiya olunmuş siyasət xüsusi əhəmiyyət kəsb edir.

Nəhayət, Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfərinin əsas diqqət çəkən məqamlardan birini də enerji və nəqliyyat sahələri təşkil edir. Bildiyimiz kimi enerji sahəsi Azərbaycanla Gürcüstanın əməkdaşlığında əsas sütunlarından biridi. Azərbaycan zəngin enerji resurslarına malik, Gürcüstan isə bu resursların Qərb bazarlarına çıxarılmasında əsas tranzit ölkə kimi mühüm rol oynayır. Bu iki imkanlar Azərbaycanla Gürcüstan arasında enerji sahəsində əməkdaşlığı daha səmərəli və cəlbedici edir. Bu əməkdaşlığın ən bariz nümunəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri, eyni zamanda Cənub Qaz Dəhlizi layihələridir. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsi Xəzər hövzəsindən çıxarılan təbii qazın Avropaya təhlükəsiz və fasiləsiz şəkildə nəqlini təmin edir.

İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu layihənin genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və enerji təchizatının şaxələndirilməsi məsələlərinin müzakirəsi xüsusi önəm daşıyır. Eyni zamanda, son illərdə qlobal enerji gündəmində mühüm yer tutan bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri də diqqət mərkəzindədir. Bu isə həm Azərbaycanın, həm də Gürcüstanın yaşıl enerji keçidində fəal rol oynamasına şərait yaradır.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr