AZ

BVF: Müharibə qlobal iqtisadiyyatı zəiflədəcək...

Beynəlxalq miqyasda inflyasiya artacaq, iqtisadi artım isə aşağı düşəcək...

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, baş verən hadisələr dünya üzrə inflyasiyanın artmasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb olacaq. Georgiyeva qeyd edib ki, geosiyasi gərginliklər artıq qlobal bazarlarda qeyri-müəyyənliyi artırır və bu da iqtisadi göstəricilərə birbaşa təsir edir.

BVF rəhbəri vurğulayıb ki, hətta münaqişə bu gün başa çatsa belə, Fond qlobal makroiqtisadi proqnozlarını pisləşdirməyi planlaşdırır. Bu isə o deməkdir ki, beynəlxalq maliyyə institutları mövcud vəziyyəti artıq uzunmüddətli risk kimi qiymətləndirir.

Ekspertlər hesab edir ki, enerji qiymətlərində mümkün artım, ticarət zəncirlərində pozuntular və investorların riskdən qaçma meyli dünya iqtisadiyyatına əlavə təzyiq yarada bilər. Bu faktorlar xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha ciddi nəticələr doğura bilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr