AZ

“Xəyanət”-in Fəridəsi, səhnənin isə sevilən aktrisası: “Serialdan özüm uzaqlaşdım, müəyyən prinsiplərim var ki...” - FOTO+ÖZƏL

Aktrisa Fatimə Əlif Qasımova Moderator.az-ın suallarını cavablandırıb.
 
-Fatimə xanım, Bakı Uşaq və Gənclər Teatrına gəlişiniz nə vaxta təsadüf edir? 
 
-Universiteti bitirdikdən sonra sənət yolumda mühüm bir dönüş nöqtəsi oldu. Dayım Qazax Dövlət Dram Teatrında baş rejissor işləyirdi və o, mənə İntiqam Soltan tərəfindən yaradılan, sözün əsl mənasında bir ailə mühiti olan teatrı məsləhət gördü. Mən də bu istiqamətdə addım ataraq İntiqam müəllimlə əlaqə saxladım və daha sonra teatrla görüşə getdim. Açığı, mən hazır idim ki, digər teatrlarda olduğu kimi məndən şeir, monoloq və ya səhnə tapşırıqları tələb olunacaq. Çünki bu, aktyorun ilk yoxlanma mərhələsidir. Amma maraqlı və mənim üçün çox dəyərli bir məqam oldu: məni qarşılayan teatrın baş rejissoru İlhamə xanım və kollektiv mənim ustadımın kim olduğunu soruşduqdan sonra əlavə heç bir yoxlamaya ehtiyac duymadılar. Bu, mənim üçün böyük etimad idi. Çünki bu, təkcə mənə yox, həm də mənim aldığım məktəbə verilən dəyər idi. Mənim səhnədə ilk təsdiqim isə “Qaraca qız” tamaşasında canlandırdığım dayə obrazı ilə oldu. Bu obraz mənim üçün çox önəmli idi, çünki artıq özümü səhnədə sübut etməli olduğum bir mərhələ idi. Ondan əvvəl isə teatrımızın aktyor və rejissoru Mehman Piriyevin quruluş verdiyi Abdulla Şaiqin  “Şəngülüm, şüngülüm, məngülüm” tamaşasında Şəngülüm  obrazı ilə məşqlərə başlamışdım və tamaşada iştirak etmişdim. Bu da mənim səhnəyə uyğunlaşma prosesimdə mühüm rol oynadı. Bakı Uşaq və Gənclər Teatrı ilə yolum 2023-cü ilin 11 noyabr tarixində kəsişib. O gün mən sadəcə  teatra daxil olmadım-öz yolumu seçdim.. Mən bu yolda şanslı olmuşam, amma bir şeyi dəqiq bilirəm: təkcə şans kifayət etmir. Mənim arxamda mənə istiqamət verən güclü bir ustad dayanır-Gülşad Baxşıyeva. Onun öyrətdikləri bu gün mənim səhnədəki duruşumda, baxışımda, seçimlərimdə yaşayır. Teatra gəldim və gözləmədim-işlədim. Özümü sınadım, fərqli tamaşalarda iştirak etdim, səhvlər etdim, amma dayanmadan davam etdim. Çünki bu sənətdə yerində saymaq geriləmək deməkdir. Qısa müddətdə ilk dəfə kamera qarşısına keçdim. Qısametrajlı filmimiz festivalda ikinci yer qazandı. Bu, mənim üçün sadəcə uğur yox, gördüyüm işin nəticəsi idi. Həmin dövrdə mən istedadlı rejissor Elvin Adıgözəllə də işləmək imkanı qazandım. Bu əməkdaşlıq teatrımızın baş rejissoru İlhamə xanımın yönləndirməsi ilə baş tutdu. Elvin Adıgözəl alman dramaturqu Georg Kayzerin “Səhərdən gecəyarısına qədər” əsəri əsasında “Xəzinədar” tamaşasını fərqli teatrların aktyorları ilə birlikdə səhnələşdirdi. Onda tamam fərqli düşüncə tərzi və aktyora o qədər fərqli baxış açısı var ki, mən bir aktyor olaraq onunla işləməkdən həzz alırdım və mənim unutmayacağım rejissorlardan biri olaraq yaddaşımda qalıb və qalacaq. Onunla işləmək mənim üçün sadəcə bir tamaşa prosesi deyil, həm də aktyor kimi özümü daha dərindən tanıdığım, daha çox axtardığım və daha çox inkişaf etdirdiyim bir mərhələ idi. Aradan aylar keçdi və mən artıq peşəkar televiziya serialına dəvət aldım. Bu, təsadüf deyildi. Mən hazır idim. Çünki ilk növbədə ustadım və teatr məni buna hazırlamışdı. Bu yolda güclü aktyorlarla işlədim. Hər biri mənim üçün ayrıca məktəb oldu. Onlarla eyni səhnəni bölüşmək mənim üçün həm məsuliyyət, həm də böyük qürur idi. Butun bunlar aktyor kimi düşüncəmi daha da dərinləşdirdi. Bu gün mən bir şeyi tam əminliklə deyə bilərəm: teatr mənim üçün sadəcə başlanğıc deyil. Mənim təməlimdir. Mən bu təməlin üzərində daha böyük uğurlar qazanmaq ucun çalışıram.
-Sizə tapşırılan rol üzərində nə qədər vaxt itirirsiz?
 
-Mən ümumiyyətlə öz üzərində daim işləyən aktyoram. Mənə bir obraz təqdim olunanda onunla kifayətlənmirəm-o obrazın daxilinə enmək, onun psixologiyasını, düşüncəsini, hətta susqunluğunu belə anlamağa çalışıram. Çünki düşünürəm ki, bir obrazı dərindən araşdırmasan, onu sadəcə səthdə oynaya bilərsən və bu zaman istər-istəməz başqalarının ifasına bənzəmək riski yaranır. Bu isə mənim xarakterimə uyğun deyil. Mən bir aktrisa kimi ustadımdan yalnız texnika yox, həm də sənətə yanaşma mədəniyyəti öyrənmişəm. Mənə öyrədilən əsas prinsip isə budur: hər obrazı özün kəşf etməlisən. Məhz buna görə mən hər rolun üzərində ciddi işləyirəm, onun dərinliklərinə qədər gedirəm və lazım gələrsə, obrazım üçün risk almağa, yeni addımlar atmağa da hazıram. Çünki mənim üçün aktyorluq sadəcə oynamaq deyil-yaratmaqdır.
-Müsahibələrinizdən birində ilk dəfə 10 yaşınızda səhnə ilə tanış olduğunuzu bildirmisiz.. Bu hansı teatrda olub?
 
-Səhnə ilə tanışlığım çox erkən yaşlara təsadüf edir. Qazax Dovlər Dram teatrının baş rejissoru Musa Eyyubov, həmçinin dayım tərəfindən istedadım kəşf olunaraq teatra dəvət olundum. İlk dəfə 10 yaşımda Qazax Dövlət Dram Teatrının səhnəsinə çıxmışam. Bu, mənim həyatımda xüsusi və unudulmaz bir an idi. Dayəm üzərimdə çox işlədi. Təkcə istedadıma buraxmırdı, çünki uşaq idim. Səhnəni, səhnədə çıxış etməyi qavraya bilmirdim. Bəzən səhnədə istədiyim kimi hərəkətlər edirdim, gülürdüm, oynamağa çalışırdım. Bəli, obrazım da uşaq idi, amma o yaşadıqlarına görə bu cür çılğın uşaq ola bilməzdi. Bir sözlə mənə səhnəni, səhnədə mədəniyyəti, obrazla vəhdəti dayı Musa Eyyubov öyrətdi. Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında qurulan tamaşada Gülyaz obrazını canlandırdım. Bu rol mənim üçün sadəcə bir uşaq çıxışı deyildi-səhnəni sehrini ilk dəfə hiss etdiyimm, tamaşaçı ilə ilk enerjimi paylaşdığım bir başlanğıc idi. Məhz həmin ilk təcrübə mənim gələcək yoluma istiqamət verdi. O gündən sonra səhnə mənim üçün yad bir yer olmadı, əksinə, özümü ən rahat hiss etdiyim məkana çevrildi. Daha sonra isə peşəkar fəaliyyətimə birbaşa teatrla başladım. Bu da təsadüfi deyildi. Çünki mənim üçün aktyorluğun əsası məhz teatr səhnəsində formalaşır. Teatr mənə intizamı, səbr etməyi, obraz üzərində işləməyi və ən əsası səhnədə “yaşamağı” öyrətdi. Bu gün gəldiyim nöqtəyə baxanda anlayıram ki, o 10 yaşlı uşağın səhnəyə atdığı ilk addım əslində mənim bütün sənət yolumun başlanğıcı idi.
-Bu sənətdə kumiriniz, sizi istiqamətləndirən şəxslər olub?
 
-Mənim teatra gəlişim daxilimdən gələn sevgi və bu sənətə olan dərin bağlılıqdan başlayıb. Amma bu yolu formalaşdıran insanlar da olub. Universitetə qədər Məmmədsəfa Qasımov ilə tanışlığım mənim üçün həlledici oldu. Onun səhnə mədəniyyəti və aktyorluq gücü məni sənətə daha ciddi yanaşmağa yönləndirdi və İncəsənət universitetinə istiqamətləndirən əsas şəxslərdən biri oldu. Qabiliyyət imtahanına hazırlıq prosesində isə mənə Musa Eyyubov böyük dəstək verdi. Onun yönləndirməsi və hazırlığı sayəsində mən bu mərhələni uğurla keçdim. Kollec dövründə Məmmədsəfa Qasımovun qurduğu tamaşalar da mənim formalaşmağımda mühüm rol oynadı. Əbdürrəhim bəy Haqverdiyevnin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərində Güllü, Cəfər Cabbarlının “Solğun çiçəklər”pyesində Sara obrazını canlandırdım.    Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”əsərinin  tamaşasında Pəri və digər müəlliflərin əsərlərində yaratdığım müxtəlif obrazlar uğurla qiymətləndirildi. 1-ci kursda etüdlər, sonrakı illərdə isə klassik dramaturgiya üzərində işlədik. Sonuncu  kursda Branislav Nuşiçin “Nazirin xanımı” əsərində Anka obrazını canlandırdım və bu mərhələ mənim peşəkar səhnə yoluma keçidim oldu. Kumir məsələsinə gəldikdə isə, mənim üçün ən böyük nümunə və istiqamətverici şəxs öz müəllimim Gülşad  Baxşıyeva olub. O, mənə yalnız aktyorluq texnikasını deyil, həm də sənətin əxlaqını, səhnə mədəniyyətini və bir aktyorun daxili intizamını öyrədib. Universitet illərində o, bizim üçün sadəcə müəllim deyildi-həm pedaqoq, həm də həyat dərsi verən bir yol göstərici idi. Dərsləri təkcə nəzəri yox, tamamilə praktik yanaşma ilə qurur, hər mövzunu real səhnə nümunələri və həyat təcrübələri ilə izah edirdi. Bu da bizi sırf tələbə yox, düşünən və hiss edən aktyor kimi formalaşdırırdı. İllər sonra universiteti bitirəndə anladım ki, onun bizə verdiyi təhsil əslində bir sənət məktəbi ilə yanaşı, bir həyat məktəbi imiş. O bizə səhnədə necə oynamağı deyil, həyatda necə durmağı öyrədib. Bu gün harada çıxış edirəmsə, onun bizə aşıladığı o sənət mədəniyyəti mütləq hiss olunur. Çox vaxt müxtəlif layihələrdə mənə birbaşa “Sən Gülşad Baxşıyevanın tələbəsisən?” deyə sual verirlər. Bu, mənim üçün böyük qürurdur. Onun tələbəsi olmaq mənim üçün sadəcə bir təhsil mərhələsi deyil-bir sənət məktəbinə aid olmaqdır. Mən bunu böyük fəxrlə daşıyıram və inanıram ki, onun bizə qoyduğu iz həm sənət yolumda, həm də şəxsiyyətimdə hər zaman yaşayacaq. Gülşad Baxşıyevanın  bizə  öyrətdiyi bir fikir həmişə yaddaşımdadır: “İynə ucu qədər istedadın olsa belə, əgər çalışsan o istedad bütün bir otağı doldura bilər. Amma ən böyük istedad belə çalışmadan insanı olduğu yerdən irəli apara bilməz.” Bu fikir mənim sənətə baxışımı formalaşdıran əsas prinsiplərdən biridir. Mənim üçün istedad bir başlanğıcdır, amma yolun özü deyil. Əsas olan zamanla işləmək, özünü təkmilləşdirmək və hər gün bir addım irəli getməkdir. Aktyorluq elə bir sahədir ki, burada sabit qalmaq yoxdur-ya inkişaf edirsən, ya da geridə qalırsan.
-⁠Hansı rollar sizə daha yaxındır?
 
-Uzun müddət düşünürdüm ki, mənə daha çox dramatik obrazlar uyğundur və komediya mənə uzaqdır. Amma bu baxışım dördüncü kursda dəyişdi. Branislav Nušićnin “Nazirin xanımı” tamaşasında canlandırdığım Anka obrazı mənim üçün dönüş nöqtəsi oldu. Bu rol məndən tam fərqli bir enerji, sərbəstlik və risk tələb edirdi və məni aktyor kimi rahat zonamdan çıxardı. O vaxta qədər daha çox sakit və içəqapanıq idim, amma səhnədə bu obraz məni tamam dəyişdi-tamaşaçılar məni tanımırdı. Bu, mənə aktyorluğun ən vacib tərəfini göstərdi: özünü aşmaq. Həmin proses mənə bir həqiqəti öyrətdi-aktyor təkcə özünü oynamamalıdır, sərhədləri aşıb müxtəlif insan tiplərini müşahidə etməli və onlardan yararlanmalıdır. Mən də bu rol üçün çox müşahidələr apardım, fərqli xarakterləri analiz etdim. Bu təcrübə mənim üçün sadəcə bir rol yox, aktyor kimi sərhədlərimi genişləndirən bir mərhələ oldu. O gündən sonra anladım ki, teatrda aktyor janrla məhdudlaşmamalıdır, amma ekran işlərində yanaşma daha fərqli və ölçülü olmalıdır.
-⁠Bilirəm ki, Bakı Uşaq və Gənclər teatrında daha çox uşaq rollarında oynayırsız. Uşaqları tamaşaya həvəsləndirmək və onlara sevinc bəxş etmək çətindir?
 
-Uşaqlarla işləmək mənim üçün həm böyük məsuliyyət, həm də çox xüsusi bir sənət təcrübəsidir. Çünki uşaqlar ən səmimi tamaşaçı auditoriyasıdır-onlar nə süni oyunu qəbul edir, nə də saxta hissi. Səhnədə hər şeyi dərhal hiss edirlər. Mən uşaq tamaşalarında sadəcə güldürməyə yox, eyni zamanda düşündürməyə də çalışıram. Özümü onların dünyasının bir hissəsi kimi görürəm və rolu sadəcə ifa etmirəm, həmin obraza çevrilməyə çalışıram. Çünki inanıram ki, aktyor obraza nə qədər daxil olursa, o qədər də səmimi olur. Mənim üçün uşaq teatrı bir növ nağıl dünyasına daxil olmaq kimidir. Orada başqa bir enerji, başqa bir baxış var. Bəzən düşünürəm ki, biz nağıllar dünyasında daha uzun qala bilsək, həyat daha təmiz və daha saf görünərdi. Amma eyni zamanda reallıq da var və biz mütləq şəkildə onunla üz-üzə qalırıq. Buna baxmayaraq, uşaq dünyası insanda saflığı, fantaziyanı və daxili azadlığı qoruyur. Məncə, insanın içindəki uşaq yaşadıqca o, həm sənətdə, həm də həyatda daha səmimi qalır və bu, aktyor üçün çox vacibdir.
-Elə bir rol varmı ki, düşünürsüz ki, teatrda oynayaram, amma filmdə yox?
 
-Teatr səhnəsində demək olar ki, hər bir obrazı canlandırmağa hazıram, çünki teatr aktyordan geniş diapazon tələb edir. Amma film və seriallara gəldikdə mənim müəyyən prinsiplərim var. Məsələn, əxlaqi dəyərlərə zidd olan obrazları canlandırmağı qəbul etmirəm. Sevgi tamamilə başqa bir anlayışdır. Sevgisinə görə həyatını qurban vermək tamamilə başqa bir anlayışdır. Lakin əxlaqsız qadını oynamaq bunlar tamamilə fərqli bir anlayışdır. Mən film və seriallarda sevgisi üçün nəinki adını, özünü qurban verən bir obrazı oynayaram. Adı rüsvay olsa da, lakin əxlaqi dəyərlərə zidd olan obrazları oynamaram. 
 
Qul Nəsimidən çox gözəl misra buna aid ola bilər: 
 
Sofilər haram demişlər bu eşqin şərabını
Mən doldurar, mən içərəm, şərab mənim, kimə nə?
 
Mən məlamət xirqəsini kəndim geydim eynimə
Arü namus şişəsini daşa çaldım, kimə nə? 
 
Sevgi həm səhnədə, həm real həyatda mənim üçün ilahi hisdir. Lakin öz yanaşmalarıma görə nə səhnədə, nə film və seriallarda onu çirkinləşdirmərəm.
-Filmlərdə bəxtiniz gətiribmi? ⁠Film yoxsa teatr, hansını daha maraqlı hesab edirsiniz?
 
-Teatr və filmin hər birinin özünəməxsus yeri var. Teatr canlı sənətdir-tamaşaçı ilə birbaşa enerji mübadiləsi baş verir və bu, aktyor üçün çox unikal və əvəzolunmaz hissdir. Film isə daha geniş auditoriyaya çatmaq imkanı yaradır və obrazı daha uzunömürlü, yaddaqalan edir. Mən hesab edirəm ki, aktyor daim üzərində işləyirsə, hər iki sahədə uğur qazana bilər. Mənim təcrübəm də bunu təsdiqləyir-həm teatrda, həm də kino və serial sahəsində özümü sınamışam. Peşəkar televiziya serialına dəvət aldıqdan sonra daha geniş təcrübə qazandım. Xəzər televiziyasında yayımlanan “Xəyanət” serialında Fəridə obrazını canlandırırdım. Bu layihə məni həm tanıtdı, həm də tamaşaçı sevgisi qazandırdı. Lakin müəyyən səbəblərə görə sonradan serialdan uzaqlaşmaq qərarı verdim. Peşəkar aktyorlarla işləmək mənim üçün bir məktəb oldu, kamera qarşısında hissləri daha doğru və təbii ötürməyi öyrəndim. Bu, mənim sənət yolumda önəmli bir mərhələ idi. İnsan həyatda bəzən seçimlər edir, bəziləri doğru, bəziləri isə sonradan yenidən düşünülən olur. Mən bunu da bir təcrübə kimi qəbul edirəm-hər təcrübə insanı formalaşdırır. Hazırda seriallarda aktiv deyiləm, amma sənətdə hər zaman yeni imkanların ola biləcəyinə inanıram.
Seçilən
14
moderator.az

1Mənbələr