AZ

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

Bəstəkarların ömrü illərlə deyil, səslərlə ölçülür. Bu ömrün başlanğıcı bir notdan, davamı bir melodiyadan, sonu isə heç vaxt bitməyən bir sükutdan ibarət olur. Musiqi - adi qulaq üçün sadəcə səslərin ahəngi olsa da, bəstəkar üçün o, ruhun dili, zamanın yaddaşı, hisslərin ən saf ifadəsidir. Bu dili anlayan, onu dünyaya çatdıran insanlar isə seçilmişlərdir. Onlar 7 notun düzülüşü ilə insan qəlbinin ən dərin qatlarına toxuna bilirlər.

Belə sənətkarların həyatı adi olmur. Onların  həyatları illərlə yox, yaratdıqları əsərləri ilə ölçülür. Ömürlərini ilhamlarının gəlib-getməsi ilə yaşayırlar. Gecələri sükutun içində doğulan melodiyalara qulaq asaraq keçirirlər. Sevinc, kədər, sevgi və ayrılıqları da sözlə deyil, musiqi ilə danışır. Bəzən bir əsər onların bütün ömrünü ifadə edir, bəzən isə bir ömür bir neçə taktın içində əriyib yox olur. Amma bir həqiqət dəyişmir - yaşadıqları müddətdə musiqi yaradanları, bu dünyadan köçdükdən sonra isə musiqi yaşadır.

Bu gün haqqında söz açdığımız bəstəkar da məhz belə tale yaşayanlardandır. Onun həyatı sadəcə bioqrafik faktlar toplusu deyil, səsə çevrilmiş ömür, zamana hopmuş duyğu, yaddaşlarda yaşayan bir melodiyadır. Onun yaratdıqları yalnız dinlənilmir, insanın ruhunda hiss olunur, canında yaşanır, zaman keçdikcə daha dərin məna kəsb edir.

Qəmbər Muxtar oğlu Hüseynli belə bəstəkarlardandır. Onun həyatı və yaradıcılığı notlarda əbədiləşmiş ömür, səsə çevrilmiş tarix və nəhayət, Azərbaycan musiqisinin canlı xəzinəsidir.

1916-cı il aprelin 16-da Gəncədə dünyaya gəlmiş Qəmbər Hüseynli gənc yaşlarından xalq musiqisinə sonsuz məhəbbət göstərərək klassik muğamlarımızın əsasını dərindən öyrənmişdi. Bu ilk addımlar sonradan onun bəstəkarlıq fəaliyyətində böyük rol oynayacaq, milli musiqi irsimizi həm qoruyacaq, həm də yeni ifadə yolları ilə zənginləşdirəcəkdi. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olan gənc Qəmbər 1929-1934-cü illərdə Gəncə Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə fərqlənmə diplomu ilə tar sinfini bitirərək Bakıya üz tutmuşdur. Bakı Musiqi Texnikumunda violonçel və bəstəkarlıq üzrə təhsil alaraq həm Qərb musiqi ənənələrini mənimsəmiş, həm də xalq və aşıq musiqisinin zənginliyinə dərindən yiyələnmişdi.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşa Musiqi Texnikumuna direktor təyin olunmuş, burada həm pedaqoji fəaliyyət göstərmiş, həm də gələcək nəslin musiqiçilərini yetişdirmişdir. Bu dövrdə onun musiqi irsində yeni səhifələr açan əsərlərdən biri də Sazçı Qızlar Ansamblı üçün hazırlanmış 55 ənənəvi aşıq havasıdır. Hər bir not, hər bir takt xalq musiqisinin ruhunu yaşatmaqla yanaşı, onu müasir musiqi ilə sintez edir, dinləyicini zamanın və məkanın sərhədlərini aşan musiqi səyahətinə aparır.

Bəstəkarın yaradıcılığı yalnız ansambllarla məhdudlaşmırdı. Qəmbər Hüseynli 300-ə yaxın mahnı və romansın müəllifi olmaqla uşaqlar üçün yazdığı mahnılarla böyük şöhrət qazanmışdır. 100-dən çox dildə səslənən və sevilən "Cücələrim" nəğməsi həm ölkədə, həm də dünya səhnələrində Azərbaycan musiqisinin simvoluna çevrilmişdir. Bu musiqi ilk dəfə Gəncə 20 nömrəli məktəbin xor kollektivi tərəfindən ifa olunmuş, sonra Bakı Mərkəzi Pioner və Məktəblilər Sarayının repertuarına daxil edilmiş, Türkiyə, Bolqarıstan, Macarıstan və digər ölkələrdə böyük uğur qazanmışdır.

Bəstəkar həmçinin klassik janrlara da müraciət etmişdir. Onun opera, romans, simli kvartet və teatr üçün yazdığı əsərləri Azərbaycan Musiqi Məktəbinin inkişafında müstəsna rol oynamışdır. 1951-1954-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq üzrə təhsilini tamamlayan Q.Hüseynli, Mir Mehdi Seyidzadənin liberettosuna "Qızıl quş" operasını diplom işi kimi təqdim etmişdir. Bu əsər onun zəngin musiqi dilini və dramaturji həssaslığını nümayiş etdirirdi.

Bəstəkar yaradıcılığının pik dövrlərini təkcə musiqi aləmində deyil, həm də sovet ideoloji qaydalarının sərt nəzarəti altında olan mühitdə yaşamışdı. 1940-cı illərin əvvəlində - İkinci Dünya müharibəsi dönəmində və sonrakı illərdə sovet hakimiyyətinin repressiv maşını Azərbaycanda da geniş işləyirdi: ideoloji baxımdan "şübhəli" sayılan ziyalılar, yazarlar, musiqiçilər və elm adamları "xalq düşməni", "pantürkçü", "millətçi" kimi absurd ittihamlarla ən ağır cəzalara məruz qalmışlar. Bu qaranlıq dövrün təsiri Qəmbər Hüseynlinin də həyatında özünü göstərmişdi. Onun yaradıcılığı "ideologiya tələblərinə uyğunlaşmadığı" bəhanəsi ilə hədəfə alınmışdı. Hətta "Cücələrim" kimi nəğmə belə, bəzi rəsmi dairələr tərəfindən sovet estetikası ilə uzlaşmayan musiqi kimi qiymətləndirilmişdi. Bu ideoloji təzyiqlər nəticəsində bəstəkar repressiya predmetinə çevrilmiş və sovet hakimiyyətinin mədəni sahədə hökm sürən senzura və güclü nəzarəti şəraitində 1941-ci ilin dekabrında həbs olunmuşdu. Bu barədə bəstəkar özü Üzeyir bəy Hacıbəyliyə yazdığı məktubda qeyd etmişdi ki, həmin il repressiya dövründə o, qısa müddət həbs edilmişdi və bu, ideoloji səbəblərlə bağlı idi. Bəstəkarın həbsi qısa bir zamanı əhatə etsə də, bu "xəbərdarlıq" onun yaradıcılığına, psixoloji və fiziki vəziyyətinə ciddi təsir göstərmişdi. Q.Hüseynlinin yaradıcılığının bu çətin dövrü onun səhhətinə, sonrakı illərdə fəaliyyətinə mənfi təsir göstərmişdir. O, çətin sınaqlardan keçərək yenidən musiqi səhnəsinə qayıtsa da, ideoloji təzyiqlərin izləri artıq öz işini görmüşdü. 

Qəmbər Hüseynlinin yaradıcılığında diqqətçəkən əsas məqam da onun zamanın  çətin siyasi şəraitində, repressiyaların davam etdiyi bir dövrdə yaşamasına baxmayaraq, xalq musiqisinə xüsusi önəm verməsi, milli musiqimizi qorumaq  və təbliğ etmək missiyasının davamı yönündə qətiyyətli  fəaliyyətidir. Bəstəkar  1961-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Qəmbər Hüseynli ilə bizi iki qərinəlik bir zaman ayırsa da, onun musiqi irsi bu gün də yaşayan bir abidə olaraq Azərbaycan xalqının qəlbində əbədi qalacaq.

Xalqı, Vətəni üçün ömür sürüb iş görənləri nə tarix unudur, nə də xalq. Zaman keçsə də, əbədi yaşamaq ömrü qazananlar layiq olduqları qiyməti alırlar. 1961-ci ilədə 45 yaşında dünyadan köçən sənətkarın 2007-ci ildə həyat və fəaliyyətindən bəhs edən "Qəmbər Hüseynli" adlı qısametrajlı sənədli film çəkilib. 25 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Onun adına Gəncədə park, musiqi məktəbi, mahnı teatrı təsis edilib. 2018-ci ilin yanvarında Gəncədə bəstəkarın heykəli ucaldılıb. Uşaq və xalq musiqisi üçün yaratdığı əsərlər hələ də Azərbaycan musiqi mədəniyyətinin əsas dayaqlarından biri olaraq sevilir və yeni nəsillərə ötürülür.

Qəmbər Hüseynli yalnız bəstəkar deyil, musiqidə yaşayan ömür, xalqın duyğularını və milli ruhunu notlara çevirmiş sənətkar tariximizin bir parçası, milli ruhumuzun daşıyıcısıdır. Onun yaradıcılığı illərlə, əsrlərlə davam edən bir melodiyanın davamıdır və hər əsərində Azərbaycan musiqisinin əbədi və saf gözəlliyini hiss etmək mümkündür. Q.Hüseynli bizə göstərdi ki, musiqi sadəcə səslərin düzülüşü deyil, bir xalqın qəlbinin nəğməsidir.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
3
azerbaijan-news.az

1Mənbələr