AZ

Xəzərdə TƏHLÜKƏ sovuşdu? - İki RƏY

“Xəzər dənizi yaxın gələcəkdə yox olmayacaq. Onun suyunun səviyyəsi 20 illik azalmadan sonra tarazlıq həddinə çatıb”.

Bunu Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun baş elmi işçisi və laboratoriya müdiri, mühəndislik elmləri doktoru Mixail Bolqov bildirib.

“Biz qarşıdakı illərdə müəyyən sabitləşmə gözləyirik, çünki dəniz səviyyəsi təxminən 20 ildir azalır və müəyyən bir tarazlığa çatıb. Bu tarazlıq ətrafında o, kifayət qədər geniş diapazonda dəyişə bilər, lakin 30 metrə düşməyəcək. Xəzər dənizi yaxın gələcəkdə də yerində qalacaq”, - deyə alim qeyd edib.

Qeyd edək ki, dənizin səviyyəsinin azalması 1990-cı illərin ortalarından qeydə alınıb və 2025-ci ildə o, tarixi minimum səviyyəyə çataraq mənfi 29 metrdən aşağı düşüb.

qaynarinfo.az

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a bildirib ki, Xəzər dənizinin suyunun azalması zamanı dənizin quruması, çəkilməsi kimi fikirlərin əleyhinədir:

“Hər zaman deyirəm ki, Xəzərin səviyyəsi nə zamansa enə bilər. Lakin o demək deyil ki, yaxın 100 illikdə dəniz quruya bilər. Xəzərin səviyyəsi sabitləşib. Hansı həddə qalxacaq, yaxud enəcək, bunu demək çətindir, ancaq yaxın illərdə Xəzər dənizin quruyacağını zənn etmirəm. Biomüxtəlifliyi, eyni zamanda, havası və suyu ilə Xəzər ekologiyamız üçün önəmlidir. Xəzər sağlamlıq mənbəyi kimi unikaldır. Əvvəlki dövrdə Xəzər dənizinin səviyyəsi ilə bağlı heç bir təhlükə olmayıb. Bununla yanaşı, dənizin səviyyəsi endikdə şoranlaşan, dəniz altından çıxan qumsal ərazidə müəyyən ağaclar, bitkilər əkilməli idi. Lakin o ərazilərdə tikinti aparmaq barədə düşünülür. Bir sözlə, Xəzər dənizi yaxın zamanda qurumayacaq, 70 milyon ildir mövcuddur və mövcudluğunu davam etdirəcək”.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəniz limanları, xüsusilə Ələt limanına əlavə vəsait qoyuldu ki, yükaşırma qabiliyyəti artsın:

“Xəzər dənizinin suyunun çəkilməsi nəticəsində daha əvvəl qoyulmuş investisiyaların nəticəsi görünmürdü. Odur ki, suyun tarazlıq həddinə çatması ortaya çıxan əlavə ziyanın qarşısını almağa imkan verəcək. Məlum olduğu kimi, istilik enerji stansiyalarında soyutma məqsədilə dəniz suyundan istifadə olunur. Xəzər dənizində suyun çəkilməsi ilə “AzərEnerji” ASC böyük xərcə düşüb, belə ki, qurum nasosları daha dərinə aparmalı olub. Beləliklə, həm enerji istehsalında, həm də yükdaşımada ciddi ziyan qeydə alınıb”.

Xalid

İqtisadçı əlavə edib ki, Xəzər dənizi Azərbaycanın əsas resurslarından biridir:

“Sahil zolağında saysız-hesabsız ictimai iaşə obyektləri tikilib. Suyun geri çəkilməsi onların fəaliyyətində də ciddi çətinliklər yaradır. Odur ki, dəniz səviyyəsinin azalması ilə bağlı narahatlığın olmaması sahibkarlar üçün və ümumilikdə iqtisadiyyatımız üçün müsbət xəbərdir”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr