AZ

Cəmiyyətdə mərhəmət və sevginin artmasına xidmət edən ilahi mexanizm nədir?...

"Beyin — ruhun bu fiziki aləmdə fəaliyyət göstərməsi üçün yaradılmış ən mükəmməl alətdir. Necə ki, radionun olması dalğaların mövcudluğuna sübutdur, beynimizin ilahi təcrübələrə verdiyi bu reaksiyalar da Yaradanın bizə şah damarımızdan daha yaxın olduğunun bioloji möhürüdür..."
 
(Əvvəli burada: )
 
Quran oxumağın və dinləməyin beyin dalğalarına təsiri...
Quran oxumaq və ya zikr etmək beyindəki elektrik aktivliyini tənzimləyərək insanın ruhi və fiziki sağalmasına kömək edir. Araşdırmalar göstərir ki, Quran oxumaq beyində Alfa və Delta dalğalarının səviyyəsini artırır. Alfa dalğaları beynin rahatlıq və hüzur vəziyyəti ilə, Delta dalğaları isə dərin mənəviyyat və stressin azalması ilə bağlıdır. Beləliklə, Quranın tilavəti beyinə sakitləşdirici təsir göstərir, stress hormonu olan kortizolu azaldır və insanın mənəvi “səkinə” (mətnin sonundakı izahata bax-Moderator.az)halına çatmasını təmin edir.
 
Səhabədən Üseyd ibn Xudayr belə bir hadisə ilə şəxsən qaşılaşmışdır:
 
“Gecə (xurma xırmanında olarkən) “Bəqərə” surəsini oxuyurdu. Atını da özünə yaxın yerə bağlamışdı. Birdən atı şahə qalxdı. O da dayandı. At da sakitləşdi. Useyd yenidən oxumağa başlayanda at bir də şahə qalxdı. Useyd oxumağa aram verən kimi at da sakitləşdi. Üstündən bir az keçmiş yenidən oxumağa başlamışdı ki, atın  şahə qalxdığını gördü. Oğlu Yəhya atın yaxınlığında idi. Oğluna bir xətər yetirər deyə onu atdan uzaqlaşdırmağa getdi. Başını səmaya qaldıranda nə görsə yaxşıdır: göydə çətirə oxşar nəsə dayanmışdı, içində də çıraq kimi nəsə vardı. Səhər açılar-açılmaz dərhal Rəsulullahın hüzuruna gedib başına gələnləri danışdı. Allah Rəsulu: “O gördüklərinin nə olduğunu bilirsən?” – deyə soruşdu. Xudayr: “Xeyr bilmirəm”, – deyə cavab verdi.
 
Rəsulullah: “Onlar mələklər idi. Sənin səsinə gəlmişdilər. Əgər oxumağa davam etsəydin, səhərəcən sənə qulaq asacaqdılar. Səhər olanda da hamı onları görəcəkdi, onlar insanlardan gizlənməyəcəkdilər”, – buyurdu.” (]Buxari, Fədailul-Quran 15; Müslim, Müsafirin 242) Başqa bir rəvayətdə isə Quran oxunarkən enən şeyin “səkinə” olduğu bildirilir. (Buxari, Fədailul-Quran 11; Müslim, Müsafirin 240)
 
Mənəvi söhbət halqaları və birliyin kimyası...
Mənəvi söhbətlərdə və ya cəm halında edilən ibadətlərdə iştirak etmək insanın sosial beynini aktivləşdirir və empatiya duyğusunu zirvəyə daşıyır. Bu anlarda beyində Oksitosin (bağlılıq hormonu), Serotonin (xoşbəxtlik və hüzur) və Dopamin (mənəvi şövq) ifrazı artır. Bir qrupla birlikdə edilən rituallar beyinləri eyni ritmə salır, insanlar arasında mənəvi rezonans yaradır və “mən” əvəzinə “biz” anlayışını möhkəmləndirir. Bu, cəmiyyətdə mərhəmət və sevginin artmasına xidmət edən ilahi bir mexanizmdir...
 
“Ulduzum düşkündü, taleyim küskün,
Müzlimdi eyyam-ı həyatım bütün;
Ərənlər əlimdən tutdular bir gün,
Şanlı dəmlər sürdüm, dövranlar gördüm.”
Tokatlı Şəkib
 
“Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan  danışır“. (Müslim, Zikr 38; Əbu Davud, Salət, 349; Tirmizi, Qiraət 3)
 
Neyroteoloji nəticə: beyin bir alətdir, ruh İsə ifaçı!
Bəzi materialist yanaşmalar neyroteologiyanın bu tapıntılarını manipulyasiya edərək deyirlər: “Gördünüzmü, din və inanc sadəcə beyində gedən bəzi bioloji proseslərdən ibarətdir.” Lakin bu, çox dayaz və məntiqsiz bir yanaşmadır. Materialist yanaşmaların əksinə olaraq, beynimizdə mənəviyyat üçün xüsusi neyron şəbəkələrinin olması inancın bir “uydurma” olduğunu deyil, insanın fitrətən Allaha yönəlmək üçün dizayn edildiyini sübut edir. Beyin — ruhun bu fiziki aləmdə fəaliyyət göstərməsi üçün yaradılmış ən mükəmməl alətdir. Necə ki, radionun olması dalğaların mövcudluğuna sübutdur, beynimizin ilahi təcrübələrə verdiyi bu reaksiyalar da Yaradanın bizə şah damarımızdan daha yaxın olduğunun bioloji möhürüdür...
 
Dini yaşantı beynimizi təkamülün aşağı pillələrindəki “sağ qalma” instinktindən çıxararaq, bizi mənəvi kamilliyə və həqiqi hüzura daşıyan ən ali yoldur..."
 
Moderator.az-dan zəruri izahat:
 
"Səkinə"- nə deməkdir? Qurani-Kərimin "Fəth" surəsinin 4-cü ayəsində buyurulur: "Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (öz dərgahından) səkinə göndərən Odur". Bu sözün mənası barədə alimlər fərqli fikirlər irəli sürmüşlər. Lüğəti mənada "səkinə" aramlıq, sakitlik mənasını verir. Allah-təala öz sevimli bəndələrinin qəlbinə çətinlik anında arxayınlıq və rahatlıq bəxş edir, onları ruhdan düşməyə qoymur.
Bəzi alimlər "səkinə" sözünü arxayınlıq və güvən hissi kimi, bəziləri də iman mənasında təfsir etmişlər. Bəzi rəvayətlərə görə səkinə - behiştdə əsən sərin mehin (küləyin) adıdır. Allah onu insan qiyafəsinə salaraq, onun vasitəsilə öz mömin bəndələrinə yardım edər(islam.az).
 
Seçilən
35
1
moderator.az

2Mənbələr