AZ

İti küçəyə atanlar cərimələnsin, heyvanlara çip taxılsın — Ekspert


Sahibsiz itlər problemi yenidən diqqət mərkəzindədir. Dünyada bu məsələni həll etmək üçün sığınacaqlar yaradılır, heyvanlar sterilizə olunur və insanları maarifləndirmək işləri aparılır. Azərbaycanda da oxşar tədbirlər görmək vacibdir. Həm qanuni, həm də praktiki addımlar problemi azaltmağa kömək edə bilər.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, dünya təcrübəsində sahibsiz itlərlə bağlı əsas tədbir sterilizasiya prosesidir:
"Sterilizasiya zamanı it tutulur, sterilizə olunur, peyvənd edilir, qeydiyyata alınır və yenidən küçəyə buraxılır. Sığınacaq və adaptasiya sistemi isə demək olar ki, Almaniya və Hollandiya kimi ölkələrdə tətbiq olunur. Burada müvəqqəti yerləşdirmə və sahibləndirmə həyata keçirilir və küçədə itlər demək olar ki, görünmür.
Azərbaycanda bu sistemi tətbiq etmək üçün əsas mərkəzləşdirilmiş strategiya yaradılmalıdır. Tək-tük aksiyalar deyil, dövlət səviyyəsində vahid proqram hazırlanmalı və bələdiyyə, icra hakimiyyəti, baytarlıq və polis koordinasiyası ilə həyata keçirilməlidir. Kütləvi sterilizasiya proqramında minimum 70 faiz populyasiyanın sterilizə olunması tələb olunur ki, bu da beynəlxalq praktik normadır".
O bildirib ki, mobil klinikalar, dövlət sifarişi və özəl sektorun cəlbi təmin edilməlidir:
"Mikroçip və qeydiyyat məcburi olmalı, itlərin sahibləri identifikasiya və məsuliyyət daşımalıdır. Küçəyə atılan itlərə görə isə sahiblərinə cərimə tətbiq olunmalıdır. Problemin həllində risk zonalarının idarə olunması da vacibdir. Məktəb, xəstəxana, park kimi yerlərdə, o cümlədən aqressiv itlər reabilitasiya və izolyasiya olunmalıdır. Sığınacaq sistemi idarə olunan "dumping" zonası kimi fəaliyyət göstərməlidir. Hazırda çox vaxt sığınacaqlar sadəcə yığma yeri kimi işləyir. Orada baytarlıq xidməti, adaptasiya platforması və rəqəmsal qeydiyyat olmalıdır".
Ekspert deyib ki, qidalanma siyasəti də nəzarətsiz olmamalıdır. 
"Təsadüfi yemlənmə populyasiyanı artırır. Yalnız qeydiyyata alınmış və sterilizə edilmiş koloniyalar üçün icazə verilməlidir. İctimai balans ən çətin hissədir. İki ekstrem variant var: ya bütün itləri yığışdırmaq, ya da heç nəyə toxunmamaq, hər ikisi səhvdir. Doğru model insan yönümlü və təhlükəsizlik yönümlü hibrid sistem olmalıdır", - deyə o qeyd edib. 

Əfsanə Kamal


Seçilən
1
1
gender.az

10Mənbələr