Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hesab edirəm ki, üçü də eyni şeydir:
1)Azərsu
2)Azəriqaz
3)Azər Həsrət
Deyərdim, Azərbaycan siyasətinin ən maraqlı adamlarından biri də elə Azər Həsrətdir.
Onun siması, olmayan bu həyat yolu yazıçılar üçün əsl material, hazır obrazdır. Heç bəzəməyə də ehtiyac yoxdur. Götürüb qoyursan romana, olur əsl komediya-dram.
Azər Həsrət yeganə adamdır ki, özünü nə müxalifətdə doğrulda bilib, nə də hökumətin yanında. Bu müstəvidə onun bir nəfər də olsun alternativi yoxdur.
Tayları, daha dəqiq, əqidaşları qaz vurub qazan doldurdular, pis-yaxşı bir mövqeyə gəlib çatdılar, Azər isə təxəllüsünə uyğun olaraq hər şeyə həsrət qaldı.
Bəlkə də, onun tək uğuru budur: Adının haqqını vermək.
Bu mənada, onu kədəri çoxalan adamlar siyahısına əlavə etmək lazımdır.
Əslində, məsələ o deyil ki, niyə mövqeyini dəyişib? O qədər var ki, mövqeyini dəyişən və hardasa başadüşülən adamlar.
Azər Həsrət mövqelər arasında keçid etmədi, sadəcə mövqelər onun üzərindən keçdi.
Əgər bu gün kimsə çıxıb desə ki, Azər Həsrət satılıb, şəxsən mən etiraz edərəm. Əgər Azər Həsrət satılsaydı, onu nisyə alardılar. Bu misal, bu cür ifadə ona qarşı doğru ifadə deyil.
Məhz bu konteksdə obrazlı olaraq onu əvəzsiz və qiymətsiz hesab edə bilərik.
Bəlkə də, Azər Həsrət bir vaxtlar eyni mövqedə olduğu adamların indiki mövqelərinə baxanda köks ötürür.
Özünə sual verir ki, bəs yaxşı, tənqiddir? Mən də edirdim. Sərt danışmaqdır? Onu da danışırdım. Niyə kənarda qaldım? Məni niyə layiq olduğuma həsrət qoydular?
Doğrudan da bu cür sualların cavabı yoxdur. İstəsə, hakimiyyət onu birmənalı unuda, silə də bilərdi, ancaq tam ortada qalmağa qoymadılar. Bu dəqiqə Azərbaycan hakimiyyətinin Azər Həsrət simasına da ehtiyacı yoxdur.
Odur ki, oturub-durub indiki yerinə də şükür etməlidir.
Hərdən mənə elə gəlir ki, Azər Həsrət qəribə bir boşluğun içindədir. Nə tam oyundadır, nə də oyundan çıxıb. Birtəhər başını girələyir.
Onun taleyi mənə köhnə sovet televizorunu xatırladır. Səs var, şəkil var, amma daim xışıltı da var. Baxırsan, izləyirsən, amma heç vaxt tam aydın olmur.
Başqa cür obrazlaşdırsaq, Azər Həsrət bir az da köhnə estrada müğənnisinə bənzəyir. Yəni vaxtilə hitləri olub, səhnəni silkələyib, amma indi eyni mahnını oxuyur, sadəcə auditoriya dəyişib. Qulaq asan da yoxdur.
İndi o elə bir nöqtəyə gəlib çatıb ki, artıq onun harada dayandığını müəyyən etmək üçün xəritə yox, kompas lazımdır.
Orxan Saffari
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.