Ermənistanda hakim komanda daxilində çatlar yarandığı iddia olunur.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ayk Sarkisyan baş nazir Nikol Paşinyanla münasibətlərindən və barəsində yayılan cinayət işi iddialarından danışıb.
Deputat qeyd edib ki, vaxtilə Paşinyanı “böyük qardaş” hesab etsə də, 2018-ci ildən sonra – onun baş nazir postuna gəlməsi ilə bu münasibətlər faktiki olaraq dayanıb. Sarkisyan bunu “təbii proses” adlandıraraq bildirib ki, əvvəlki yaxın ünsiyyət artıq mümkün deyil. Bununla belə, o, gələcəkdə – Paşinyan siyasətdən gedəndən sonra münasibətlərin bərpa oluna biləcəyini istisna etməyib.
Sarkisyan son vaxtlar səslənən cinayət işi ilə bağlı iddiaları da qəti şəkildə rədd edib. Onun sözlərinə görə, aylardır bu barədə danışılmasına baxmayaraq, heç bir istintaq başlanmayıb və bu cür xəbərlər reallığı əks etdirmir. Deputat əlavə edib ki, Ermənistanda saxta cinayət işlərinin açılması qəbuledilməzdir.
Qeyd olunur ki, Sarkisyanla hakim partiya rəhbərliyi arasında münasibətlər 2026-cı ilin əvvəlindən gərginləşib. Belə ki, partiya rəhbərliyi onu seçki siyahısına daxil etməyib. Bu qərar geniş müzakirələrə səbəb olub.
Paşinyan isə bu kontekstdə korrupsiyaya qarşı “sıfır tolerantlıq” siyasətini vurğulayıb. Sarkisyan öz növbəsində hər hansı qanunsuz fəaliyyətlə əlaqəsinin olmadığını bildirərək, bəzi mövzularda sərt mövqeyinin partiya daxilində narazılıq yaratdığını qeyd edib.
Onun adı həmçinin keçmiş deputat Ovik Ağazaryanla bağlı məhkəmə prosesində də çəkilib. Lakin Ermənistan Baş Prokurorluğu rəsmi şəkildə Ayk Sarkisyanın adının heç bir cinayət işində keçmədiyini bildirib.
Musavat.com