
“Trey” ləqəbli 66 milyon illik triseratops skeleti “Joopiter” onlayn platformasında 5,55 milyon dollara satılıb.
Yeniavaz.com “Artnet” portalına istinadla xəbər verir ki, bu, “Joopiter”də ilk dinozavr skeleti satışıdır.
Triseratops skeleti həmçinin, onlayn hərrac vasitəsilə satılan ən bahalı dinozavr skeletidir. Skelet təxminən 30 il muzeydə nümayiş olunub və elmi tədqiqatlar üçün istifadə edilib.
Paleontoloq və ekspert Andre Luxanın sözlərinə görə, “Trey” 1993-cü ildə Vayominq ştatının Lask rayonunda məşhur paleontoloq Allen Qraffem və həmkarı Li Kempbell tərəfindən qazıntı işləri zamanı aşkar edilib.
Qalıqlar son Təbaşir dövrünə aiddir və əvvəllər Tirannozavr Reks, Edmontozavr və Triseratops sümüklərinin aşkar edildiyi Lans Formasiyasında müəyyən olunub.
Qazıntılardan sonra fosil şəxsi kolleksiya tərəfindən əldə edilib, bərpa və montaj üçün Almaniyaya göndərilib və 1995-ci ildən bəri “Wyoming Dinosaur Center”də nümayiş etdirilib.