Niderlandın Amsterdam şəhərində yerləşən Antoni van Leeuwenhoek Onkologiya Mərkəzində tətbiq olunan süni intellekt texnologiyası MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsinin müddətini əhəmiyyətli dərəcədə azaldıb.
Redaktor.az xəbər verir ki, bu barədə "NL Times" məlumat yayıb.
Yeni proqram təminatı skaner məlumatlarının yüksək keyfiyyətli görüntülərə çevrilməsini sürətləndirir. Nəticədə müayinə müddəti əvvəlki 23 dəqiqədən 9 dəqiqəyə qədər qısalıb. Bu isə həm pasiyentlərin rahatlığını artırır, həm də xəstəxananın xidmət imkanlarını genişləndirir.
Mütəxəssislər bildirir ki, MRT zamanı pasiyentlər uzun müddət dar və səs-küylü mühitdə hərəkətsiz qalmalı olur. Hətta ürək döyüntüsü və ya nəfəs alma kimi təbii proseslər belə görüntülərin keyfiyyətinə təsir edə bilər.
Radioloq Doendja Lambregts qeyd edib ki, süni intellekt əsaslı alqoritmlər görüntüdə hansı məlumatların göstərilməli olduğunu hesablayır və bu da daha qısa zamanda daha dəqiq nəticə əldə etməyə imkan verir.
Yeni texnologiya yalnız vaxt qənaəti ilə kifayətlənmir. Daha qısa müddətdə aparılan müayinələr zamanı görüntülər daha aydın olur, çünki qeyri-iradi hərəkətlərdən yaranan bulanıqlıq azalır.
Bundan əlavə, sistem tibb işçilərinin işini də optimallaşdırır. Bildirilir ki, artıq mərkəzdə həftəlik müayinələrin sayı 18 ədəd artıb. Əvvəllər axşam saatlarına və ya həftəsonuna təyin olunan müayinələr indi gün ərzində həyata keçirilə bilir.
NURİYYƏ