AZ

Tarixi AN: “Orion” kosmik gəmisi Ayın cazibə zonasına DAXİL OLDU

NASA-nın “Orion” kosmik gəmisi Ayın cazibə qüvvəsi sahəsinə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. “Artemis II” missiyasının dörd astronavtı Ayın cazibə qüvvəsi zonasına daxil olub.

NASA-nın məlumatına görə, “Orion” kosmik gəmisi artıq Yer qravitasiyasından çox Ayın cazibə qüvvəsinin üstünlük təşkil etdiyi nöqtədədir.

Artıq beş gündür yolda olan astronavtlar bu mövqedən həm Yer kürəsini, həm də Ayı eyni vaxtda görə bilirlər.

Astronavtları qarşıda həlledici anlar gözləyir: bu gün yerli vaxtla saat 19:00-da “Orion” Ayın ətrafında uçuş həyata keçirəcək.

Altı saat davam edəcək bu vacib manevr “YouTube” vasitəsilə canlı yayımlanacaq.

NASA bildirir ki, gəmi Ayın görünməyən tərəfinin üzərindən keçəcək və bəşəriyyətin indiyədək heç vaxt görmədiyi ay formasiyalarının fotolarını çəkəcək.

Yüksək texnologiyalar və rekordlar yarışına baxmayaraq, heyət ənənələri də unutmayıb.

Astronavt Kristina Kox bildirib ki, onlar gəmidə “Pasxa yumurtaları” (quru yumurta yeməyi) gizlədiblər: “Bu, sadəcə susuzlaşdırılmış yumurta idi, lakin hamımız çox xoşbəxt idik”.

Xatırladaq ki, bu, 1972-ci ildəki “Apollon-17” missiyasından sonra Aya həyata keçirilən ilk insanlı uçuşdur. Heyətdə amerikalı astronavtlar Viktor Qlover, Kristina Kox, Rid Vayzman və kanadalı astronavt Ceremi Hansen yer alır.

Kristina Kox Ay missiyasında iştirak edən ilk qadın, Viktor Qlover ilk qaradərili, Ceremi Hansen isə ilk kanadalı kimi tarixə düşür.

Planlara görə, heyət Ayın ətrafında dövrə vurduqdan sonra şənbə günü Yerə – okeana eniş edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
interpress.az

1Mənbələr