AZ

Qanla yuyulan namus və bitməyən cəhalət

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yenə bir ölüm xəbəri, yenə sarsılan ailələr və yenə mərkəzində "sevgi" ilə "nifrət"in toqquşduğu bir faciə. Şəmkirin Kür qəsəbəsindən gələn xəbər sadəcə bir cinayət hadisəsi deyil. Bu, cəmiyyətimizin sağalmayan yarasının erkən yaşda zorakılığa meyilliliyin və yanlış anlaşılan namus anlayışının növbəti təzahürüdür.

19 yaşlı Ramal Quliyev... Həyatının ən gözəl çağında, arzularının dalınca qaçmalı olduğu bir vaxtda, 16 yaşlı bir yeniyetmənin əli ilə həyata vida etdi. Səbəb isə dəyişməz qalır: "Bacımı sevirdi".

Bu hadisədə ən dəhşətli məqam qatilin yaşının cəmi 16 olmasıdır. Hələ şəxsiyyəti tam formalaşmamış, emosiyalarını idarə edə bilməyən bir yeniyetməni cinayət törətməyə sövq edən nədir?

Biz 16 yaşlı yeniyetməyə kitab oxumağı, dünyanı dərk etməyi yox, bıçaq çəkməyi, "haqq-hesab" çəkməyi öyrədiriksə, nəticə Ramalın məzarı, o yeniyetmənin isə məhv olmuş gəncliyi olacaq.

Sevgi cinayət obyekti deyil!

İki gəncin bir-birini sevməsi nə vaxtdan ölüm hökmünə bərabər cinayət sayılmağa başladı? Biz hansı əsrdə yaşayırıq ki, hisslərin cavabı dialoq, anlayış və ya sadəcə "yox" demək deyil, qan tökməkdir?

Bu cinayəti törədən 16 yaşlı gənc həm də öz bacısının gələcəyini, ailəsinin dincliyini və öz azadlığını eyni bıçaq zərbəsi ilə yox etdi. İndi ortada bir ölü, bir məhbus və ömür boyu vicdan əzabı çəkəcək bir qız var.

Şəmkirdə baş verən bu hadisə hər birimiz üçün bir siqnal olmalıdır. Nə qədər ki cəmiyyətdə "kişi qan tökər", "namus bıçağın ucundadır" kimi arxaik və zərərli stereotipləri qırıb ata bilməmişik, daha çox Ramallar qurban gedəcək.

Təhsil, tərbiyə və insani dəyərlər zorakılıqdan üstün tutulmadıqca, bu cür köşələri hələ çox yazacağıq. Amma heyf ki, yazılan heç bir söz o 19 yaşlı gənci geri gətirməyəcək.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr