ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi kəskin və senzuradankənar bəyanatları bir sıra amerikalı siyasətçilər tərəfindən ciddi tənqid edilməyə başlayıb. Məsələn, Trampın keçmiş tərəfdarlarından olan Teylor Qrin prezidentin ətrafındakı şəxsləri onun davranışına müdaxilə etməyə çağırıb.
Bir sıra senatorlar və siyasətçilər Konqresi təcili hərəkətə keçməyə və prosesə müdaxilə etməyə çağırıblar. Bu tendensiya daha da böyüyə və Trampa qarşı impiçment məsələsi və ya istefa məsələsini gündəmə gətirə bilərmi?

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Trampın İrana qarşı sərt və qeyri-standart ritorikası ətrafında yaranan müzakirələr daxili siyasi gərginliyin yeni mərhələyə keçə biləcəyini göstərir. Xüsusilə, onun keçmiş tərəfdarlarından sayılan siyasətçilərin açıq tənqidlərinin müşahidə olunması bu məsələnin artıq təkcə demokrat-respublikaçı qarşıdurması çərçivəsini aşdığını nümayiş etdirir:
“Trampın ritorikası bir neçə istiqamətdə risk yaradır. İranla münasibətlərin daha da kəskinləşməsi və ABŞ-nin müttəfiqləri ilə koordinasiyanın zəifləməsi ehtimalı artır. İkincisi, daxili siyasətdə prezidentin davranışlarının “idarəolunmaz” kimi təqdim olunması onun legitimliyinə və siyasi dayaqlarına zərbə vurur. Bu kontekstdə bəzi senatorların və siyasi dairələrin Konqresi prosesə müdaxilə etməyə çağırması təsadüfi deyil. Lakin impiçment məsələsinin real perspektivinə gəldikdə, burada hüquqi və siyasi baryerlər hələ də kifayət qədər yüksəkdir. ABŞ siyasi sistemində impiçment proseduru yalnız ciddi hüquqi əsaslar-konkret cinayət və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əsaslandırılmalıdır. Sadəcə sərt və ya mübahisəli bəyanatlar, hətta beynəlxalq risklər doğursa belə, avtomatik olaraq impiçment üçün yetərli baza sayılmır. Bundan əlavə, Konqresdə siyasi balans və partiya maraqları belə bir təşəbbüsün uğur qazanmasını çətinləşdirir. Bununla yanaşı, prosesin siyasi təzyiq aləti kimi genişlənməsi ehtimalı daha real görünür. Yəni Trampa qarşı ritorikanın sərtləşməsi, onun komandasına və qərarlarına nəzarətin artırılması, hətta müəyyən hallarda istefa çağırışlarının səsləndirilməsi mümkündür. Xüsusilə, Respublikaçılar daxilində parçalanma dərinləşərsə, bu, prezident üçün daha ciddi siyasi risklər yarada bilər”.
Politoloq deyib ki, hazırkı tendensiya qısa müddətdə impiçmentə gətirib çıxarmasa da, Trampın siyasi mövqelərini zəiflədən və onun qərarlarına qarşı müqaviməti gücləndirən bir prosesin başlanğıcı kimi qiymətləndirilə bilər:
“İrana qarşı müharibə uzandıqca, Trampa qarşı çıxanların sayı da, etiraz dalğası da artacaq”.
Etibar Seyidağa,
Musavat.com