AZ

İctimai Birlik sədri: Subasmadan zərər çəkmiş insanlara operativ şəkildə dəstək göstərilir

Bakı, 6 aprel, AZƏRTAC

Son zamanlar müşahidə olunan intensiv yağışlar qlobal iqlim dəyişikliyinin fəsadlarıdır. Ekspertlərin fikrincə, son 10 ildə Azərbaycanda intensiv yağışların başvermə intensivliyi 6, daşqınların intensivliyi isə 18 dəfə artıb.

Bunu AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.

O deyib ki, yağış və onun doğurduğu sel təbiət hadisəsidir, çox zaman proqnozlaşdırılmır. Bəzən istər şəhər infrasturukturu, istərsə də kənd təsərrüfatı güclü yağışlara qəfil yaxalanır:”Son günlər leysan yağışlar Bakıda və Abşeron yarımadasında, habelə regionlarda bir sıra problemlərə yol açıb. İntensiv yağışlar tək bizdə deyil, bir sıra qonşu dövlətlərdə də ciddi fəsadlar yaradıb. Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında güclü yağışlar 760 yaşayış evi və 950 həyətyanı sahənin su altında qalmasına səbəb olub. Təbii fəlakət zonasından 3 min 338 nəfər, o cümlədən 1033 uşaq təxliyə edilib. Daha dəhşətli vəziyyət Gecux su anbarı yerləşən bölgədə yaranıb. Anbarın bəndinin partlaması nəticəsində Məmmədqala qəsəbəsi və ətraf kəndlər suyun altında qalıb, avtomobillər güclü axına tab gətirməyərək çaya yuvarlanıb. 2 nəfər daşqınların qurbanı olub. Ötən il Qazaxıstanda, Gürcüstanda da anoloji vəziyyət yaranmışdı. Mart-aprel aylarında yağan yağışlar nəticəsində gələn sel Pakistanda 45-dən çox insanın öplümünə səbəb olub. Çox şükür ki, Azərbaycanda bu cür fəlakətlər yaşanmır. Doğrudur, 90-ların əvvəllərində bir sıra məsuliyyətsiz insanların verdiyi yanlış qərarlar sel və daşqınlar, güclü yağıntı və qar zamanı şəhər təsərrüfatında bir sıra problemlər yaradır. Lakin Azərbaycan dövləti, rəsmi qurumlar vətəndaşları darda qoymur, anında seldən əziyyət çəkən insanlara yardım edilir”.

Elman Cəfərli vurğulayıb ki, intensiv yağışlar zamanı digər ekoloqlarla birlikdə bir sıra ərazilərdə olub, monitorinqlər aparıblar. “Çox yerdə yerli məmurları seldən zərər görmüş insanların yanında - ərazidə gördük. Aidiyyəti dövlət qurumları sanki “həyəcan rejimi”ndə fəaliyyət göstərir, onlar operativ şəkildə hərəkətə keçərək zərər çəkmiş insanlara dəstək göstərir. Əraziyə ilkin baxış keçirilir, su basmış evlər boşaldılır, həyətlərə dolmuş çirkab suları çəkilir, kommunikasiya xətlərində yaranmış nasazlıqlar aradan qaldırılır. Məhəllələrə texnika cəlb olunur, suyun çəkilməsi prosesi sürətləndirilir, eyni zamanda, təhlükəli vəziyyətdə olan tikililər nəzarətə götürülür. Müvafiq nazirliklərin əməkdaşları, icra hakimiyyətlərinin nümayəndələri, bələdiyyə üzvləri, mənzil istismar sahəsinin işçiləri vətəndaşlarla birbaşa ünsiyyət qurur, onların problemlərini yerində dinləyirlər. Gecikmədən seldən zərər çəkmiş insanlara zəruri ləvazimatlar, ilkin ehtiyac vasitələri təqdim olunur. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri üç gündür ki, sel sularının ziyan vurduğu ərazilərdə xidmət aparırlar. Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov da Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gedib. Nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Sel və daşqınlardan əziyyət çəkən, evləri su basmış insanlara Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir. Hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir. Təbii fəlakətlər zamanı, xüsusən, Azərbaycan polisinin gördüyü işlər, sıravi polis nəfərlərinin fəlakət qurbanı olan insanlarla rəftarı alqışalayiqdir. Yağışlar zamanı yol hərəkətində ciddi problemlər yaranır. Lakin yol polisi əməkdaşları hər cür hava şərtlərində vəzifə başında olur. Yol polisi tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görülür”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.

O, həmçinin bildirib ki, gələcəkdə bu kimi halların qarşısının alınması üçün şəhər və qəsəbələrdə drenaj və kanalizasiya sistemləri təkmilləşdirilməli, yağış suları düzgün idarə olunmalıdır. Məsul qurumlar uzunmüddətli proqramlar həyata keçirməli, şəhər infrastrukturu daha dayanıqlı hala gətirilməlidir.

Müxbir – Göyçək Mahmudlu

Seçilən
14
1
azertag.az

2Mənbələr