On beş il ərzində Stokholmdakı (İsveç) Karolin İnstitutunun alimləri ilkin olaraq demensiya simptomları olmayan 60 yaş və yuxarı 2100-dən çox yetkin insanı izləyiblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Tədqiqatda əsas diqqət apolipoprotein E (APOE) geninə yönəldilib. Planetdəki insanların təxminən dörddə birində bu genin demensiya riskini əhəmiyyətli dərəcədə artıran bir variantı var.
Alimlər aşkar ediblər ki, bu gen variantının daşıyıcıları üçün çoxlu ət yemək faydalıdır. Bu qrupdakı "ət sevərlər"də demensiya riski, ət yeməyənlərə və ya az yeyənlərə nisbətən 55% daha aşağı olub.
Bununla belə, bu gen variantına malik olmayan insanlarda istehlak edilən ətin miqdarı zehni sağlamlığa statistik cəhətdən əhəmiyyətli təsir göstərməyib.
Buna baxmayaraq, tədqiqatçılar vacib bir qeyd edirlər: ətin növü əhəmiyyət kəsb edir. Belə ki, müsbət təsir emal olunmamış qırmızı ət və ya quş əti istehlakından sonra müşahidə edilib. Lakin kolbasa və ya vetçina kimi emal olunmuş ət risk faktoru olub.
Bütün gen qruplarında çoxlu emal olunmuş ət yeyən insanlarda demensiya riski daha yüksək olub.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələrin arxasında təkamül komponenti dayana bilər. Yüksək ət istehlakı ilə demensiya riskinin azaldığı gen kombinasiyası, bir neçə milyon il əvvəl yaranmış genlərin orijinal forması ola bilər.
Almaz Həsənli