Bakı, 6 aprel, AZƏRTAC
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal səviyyədə “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunun müzakirəsi baxımından mühüm platforma olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.
O qeyd edib ki, forumun əsas gündəliyinə təhlükəsiz mənzillər, dayanıqlı və möhkəm şəhərlər, ağıllı infrastruktur və inklüziv urbanizasiya kimi istiqamətlər daxildir. Tədbir çərçivəsində həm yeni şəhərsalma modelləri, həm də innovativ memarlıq layihələri təqdim olunacaq. “Bu forum həm yerli, həm də xarici investorlar üçün Azərbaycanın şəhərsalma və tikinti sektorunda mövcud imkanlarını nümayiş etdirmək baxımından unikal platformadır. Xüsusilə Bakıda reallaşdırılmış “Ağ şəhər”’ layihəsi və Qarabağda qurulan “ağıllı kənd” modelləri nümunə kimi təqdim ediləcək”, – deyə ekspert bildirib.
M.Ərturan qeyd edib ki, qlobal miqyasda təxminən 3 milyard insan qeyri-uyğun yaşayış şəraiti ilə bağlı problemlərlə üzləşir, yüz milyonlarla insan isə evsizlik riski altındadır. Bu problemlər urbanizasiya, sənədsiz tikililər və iqlim dəyişikliklərinin təsiri ilə daha da dərinləşir.
Memar vurğulayıb ki, WUF13 bu çağırışlara cavab tapmaq üçün beynəlxalq səviyyədə müzakirə və əməkdaşlıq imkanları yaradacaq: “Forumda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər, dövlət rəsmiləri, biznes nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. Məqsəd yalnız problemləri müzakirə etmək deyil, həm də onların həlli üçün yeni yanaşmalar formalaşdırmaqdır”.
Ekspert vurğulayıb ki, Bakıda keçiriləcək WUF13 qlobal şəhərsalma siyasətlərinin formalaşmasına töhfə verəcək və BMT platformasında aparılan diskussiyalarda Azərbaycanın rolunu gücləndirəcək.
Müxbir – Pərvanə Qafarova