Avropa Komissiyası Avropa İttifaqı ölkələrini enerji böhranından sonra mümkün büdcə böhranı riski barədə xəbərdar edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Komissiyanın qiymətləndirməsinə görə, enerji daşıyıcılarının bahalaşması fonunda iqtisadiyyata genişmiqyaslı dövlət dəstəyi göstərilməsi dövlət maliyyəsinə ciddi təzyiq yaradır. Bir çox Aİ ölkəsində artıq yanacaq qiymətlərinin artımını cilovlamaq üçün tədbirlər tətbiq olunur və ya müzakirə edilir. Bunlara elektrik enerjisinə subsidiyalar, vergi yükünün azaldılması və qiymət tavanlarının müəyyən edilməsi daxildir.
Lakin Brüsseldə hesab edirlər ki, bu tədbirlər müvəqqəti və məhdud olmalıdır. Uzunmüddətli və geniş dəstək proqramlarının inflyasiyanı artıracağı və büdcə kəsirini dərinləşdirəcəyi ilə bağlı narahatlıq var.
Enerji məsələləri üzrə komissar Dan Yorgensen bildirib ki, bu problem ümumi xarakter daşıyır və iqtisadiyyatın bir sektorunda baş verən dəyişikliklər bütövlükdə cəmiyyətə təsir edə bilər. Onun sözlərinə görə, Komissiya üzv dövlətlərə büdcə imkanlarını nəzərə alaraq uyğun dəstək mexanizmlərinin seçilməsində kömək edir.
Narazılıqlara səbəb olan əsas amil isə Yaxın Şərqdə gərginliyin artması və xüsusilə Hörmüz boğazında gəmiçiliyin dayanması ilə bağlı yaranan enerji böhranıdır. Bu vəziyyət Avropa və ABŞ-da yanacaq qiymətlərinin kəskin artmasına gətirib çıxarıb.
Nəşr qeyd edir ki, mövcud vəziyyət son altı il ərzində Aİ üçün artıq üçüncü ciddi iqtisadi sınaq ola bilər. Bundan əvvəl birlik COVID-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsinin iqtisadi nəticələri ilə üzləşmişdi. Bu dövrdə Aİ-də dövlət borcunun səviyyəsi də artaraq 2019-cu ildəki 77,8%-dən ötən ilin sonuna 82,1%-ə yüksəlib.