AZ

Leysan yağışlar Bakıda nəqliyyatı iflic edir – ekspert təhlükələrdən danışdı

Güclü və leysan xarakterli yağışlar Bakıda nəqliyyatın hərəkətinə ciddi təsir göstərir. Şəhər infrastrukturunun həddindən artıq yüklənməsi fonunda yağan intensiv yağışlar küçə və prospektlərdə su yığılmasına, nəticədə isə hərəkətin çətinləşməsinə səbəb olur.

Ekspert İlqar Hüseynli QHT.az-a verdiyi açıqlamada bildirib ki, mövcud su-kanalizasiya sistemlərinin ötürücülük imkanları artan yağış yükünü tam qarşılaya bilmir. Bu isə xüsusilə paytaxt və ətraf qəsəbələrdə vəziyyəti daha da çətinləşdirir və bəzi hallarda təbii fəlakət səviyyəsində qiymətləndirilə bilər.

Onun sözlərinə görə, belə hava şəraitində nəqliyyat təhlükəsizliyinin təmin olunması üçün vətəndaşların fərdi avtomobillərdən daha az istifadə etməsi, ictimai nəqliyyata üstünlük verməsi vacibdir. Küçələrdə nəqliyyat sıxlığının azalması ümumi təhlükəsizliyə müsbət təsir göstərə bilər.

Ekspert həmçinin qeyd edib ki, su ilə dolmuş yollarla hərəkət zamanı sürücülər alternativ marşrutlara üstünlük verməlidirlər. Çünki suyun altında açıq kanalizasiya qapaqları və ya təhlükəli çuxurlar ola bilər. Bəzi hallarda suyun dərinliyi avtomobilin mühərrikinə qədər qalxaraq ciddi nasazlıqlara səbəb ola bilər.

İlqar Hüseynli əlavə edib ki, belə hava şəraitində avtomobillərdə işıq sistemlərinin daim aktiv saxlanılması və sürücülərin daha diqqətli olması vacibdir. Onun fikrincə, sadalanan tədbirlər həm nəqliyyatın hərəkətinin tənzimlənməsi, həm də yol təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Zəhra Ağayeva 

Seçilən
25
qht.az

1Mənbələr