AZ

Bakıdan bədxahlara TƏLƏB – Qarabağla spekulyasiyaya SON qoyun!

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub”. 

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində yer verilib.

“Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya

Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün (aprelin 5-də - red.) Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Rusiya

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub. Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb. Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”, - bəyanatda deyilir.

Bəs bu cür siyasi spekulyasiyalara niyə son qoyulmur? Azərbaycanın ayrılmaz hissəsi olan bir ərazi vahidi niyə də ikinci-üçüncü dövlətlərin müzakirə predmeti olmalıdır?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a deyib ki, Bakıdan verilən son xəbərdarlıq dövlətimizin ardıcıl və prinsipial mövqenin növbəti ifadəsidir:

“ Azərbaycan Xarici İşlər Nazirliyinin açıq şəkildə bəyan etdiyi kimi, Rusiya siyasi dairələrində Qarabağ mövzusunun yenidən və məqsədli şəkildə gündəmə gətirilməsi artıq sadəcə fikir mübadiləsi deyil, bu, açıq-aşkar siyasi spekulyasiya və məsuliyyətsiz ritorikadır. Bu ritorika isə təkcə regionda formalaşmış yeni reallıqları deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərini şübhə altına almağa xidmət edir.

Əslində, məsələ olduqca sadədir və əlavə şərhə ehtiyac qoymur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu fakt nə dünən yaranıb, nə də hansısa dövlətin “tanıması” ilə formalaşıb. Bu, tarixdən, hüquqdan və beynəlxalq sistemin qəbul etdiyi norma və prinsiplərdən qaynaqlanan dəyişməz reallıqdır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına son qoyub və tarixi, hüquqi reallıqları bərpa edib. Bu gün Qarabağ mövzusu müzakirə predmeti deyil, ola da bilməz".

Elçin

Deputat ritorik sual edib ki, bəs o halda niyə bəzi dairələr, xüsusilə də Rusiya rəsmiləri bu mövzunu yenidən süni şəkildə gündəmə daşımağa çalışırlar:

"Cavab aydındır, Rusiya bölgəyə təsir imkanlarını bərpa etmək, Ermənistanda himayə etdiyi müharibə canilərinə ideoloji nəfəs vermək üçün bu, geosiyasi manipulyasiya alətindən əl çəkmək istəmir. Ermənistanla münasibətlərində yaranmış gərginlik fonunda Moskva müəyyən təsir rıçaqlarını qoruyub saxlamaq üçün artıq bağlanmış məsələləri “diriltməyə” cəhd edir. Qarabağ mövzusu isə bu kontekstdə ən rahat istifadə olunan vasitələrdən birinə çevrilir. Bu isə açıq şəkildə region ölkələrinin daxili işlərinə uğursuz və əxlaqsız müdaxilə cəhdidir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya rəsmiləri Qarabağın kim tərəfindən “ilk tanınması” kimi absurd və məntiqsiz müzakirələr açırlar. Bu yanaşma özü-özlüyündə problemin mahiyyətini təhrif etmək cəhdidir. Çünki burada “tanıma” məsələsi ümumiyyətlə mövcud deyil. Heç bir dövlət, o cümlədən Rusiya Federasiyası heç vaxt Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımamaq müstəvisində mövqe sərgiləməyib. Bu fakt ortadadır və mübahisə predmeti deyil. O halda bu cür ritorika nəyə xidmət edir? Aydındır ki, məqsəd siyasi gündəmi manipulyasiya etmək, Ermənistandaki revanşçı qüvvələr üçün seçkiqabağı ideoloji nəfəslik açmaq və regionda yeni gərginlik ocaqları formalaşdırmaqdır. Azərbaycanın suverenliyinə aid məsələlər heç bir halda üçüncü tərəflərin müzakirə predmeti ola bilməz. Bu, qırmızı xətdir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və suverenlik prinsipləri üzərində qurulmalıdır. Əks halda, istənilən tərəfdaşlıq ritorikası sadəcə formal bəyanatlardan ibarət olaraq qalır. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bu məsələ üzərində hər hansı “şərh vermək” cəhdi artıq hüquqi yox, siyasi məsuliyyətsizlik kimi qiymətləndirilir. Qarabağ məsələsi üzərindən spekulyasiya edənlər anlamalıdırlar ki, bu mövzu artıq bağlanıb və onun üzərindən geosiyasi oyunlar qurmaq cəhdləri nəticəsiz qalacaq”.

Deputat onu da bildirib ki, Azərbaycan unitar dövlətdir və tarix boyu azərbaycanlıların yaşadığı bir coğrafiyada təşəkkül tapıb:

“Azərbaycan vətəndaşları imperialist qüvvələrin “parçala, hökm sür” siyasətinin iyrənc mahiyyətini çox yaxşı bilirlər. İmperializmin adı, ideoloji xətti dəyişsə də mahiyyəti dəyişmir. Cənubi Qafqaz da daxil olmaqla nəhəng bir bölgədə dövlətlər quran, sivilizasiyalar yaradan bir xalqın nə iradəsinə, nə də onun qurduğu dövlətin qətiyyəti mövqeyinə bu qəbildən olan davranışlarla təsir göstərmək mümkün deyil. Başqa bir ölkənin suveren əraziləri ilə bağlı müzakirə açmaq isə təkcə beynəlxalq hüququn norma və prinsiplərinə zidd anaşma deyil, həm də siyasi əxlaqsızlıq nümunəsidir”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr