AZ

Azərbaycan MDB-yə qayıdır – “Soyuq dönəm” bitir?

Moskvanın Beynəlxalq Ticarət Mərkəzində MDB İqtisadi Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.

Musavat.com
xəbər verir ki, iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Az öncə Rusiya paytaxtında keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasına müdafiə naziri Zakir Həsənov qatılmışdı.

80

Qeyd edək ki, Azərbaycan bir müddət bu qurumun tədbirlərində iştirak etməyib. Həmçinin, dövlət başçısı da təyyarə vurulandan sonra sammitə qatılmayıb. İndi isə müdafiə naziri və sonra baş nazir müavininin iclaslara getməsi göstərir ki, Bakı-Moskva münasibətlərində “soyuq dönəm” arxada qalır. Bunu belə dəyərləndirmək mümkündürmü?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Azərbaycan MDB-dən çıxmayıb. Onun sözlərinə görə, təşkilatın son tədbirlərində iştirakımız da təəccüb doğurmamalıdır: "Azərbaycan MDB-ni tərk etmək məsələsi qoymayıb. Hərçənd bu platformanın perspektivi yoxdur. Azərbaycan Türk Dövlətlər Təşkilatının fəaliyyətinə üstünlük verir. MDB 90-cı illərin zərurəti idi, indi regionda bir çox dəyişikliklər baş verir. Sadəcə, Azərbaycan MDB-ni də bir əməkdaşlıq platforması kimi görür". Deputat hesab edir ki, Rusiya ilə əlaqələrin normallaşması vacibdir: "Amma münasibətləri kəskinləşdirən səbəblər də aradan qalxmalıdır. Qarşı tərəfdən gözləntilərimiz Azərbaycana bərabərhüquqlu yanaşmasıdır. Rusiya gərginliyə səbəb olan addımlara son qoymalı və təyyarənin vurulmasına görə tələbləri yerinə yetirməlidir. Bizim Rusiyaya ədalətli münasibətimiz var. Moskva da adekvat olmalıdır".

Bakı

Yada salaq ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna isə 2014-cü ilin martında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumu tərk edib.

ABŞ Hərbi Kəşfiyyat Agentliyi bugünlərdə Rusiyanın Mərkəzi Asiyada və Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını ifadə edən hesabat yayıb. ABŞ hərbi kəşfiyyatının hesabatında həmçinin qeyd olunurdu ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır. Hesabatda qeyd olunurdu ki, Rusiya bu ölkələrə, regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) deyil, həm də MDB-dən istifadə edir. Aydındır ki, MDB çoxdan formal quruma çevrilib, amma Rusiya əsas moderator kimi qurumun saxlanılmasında, Qərb isə əksinə, dağılmasında maraqlıdır. ABŞ kəşfiyyatının son hesabatında da MDB-nin rolunun qabardılması təsadüfi deyil.         

Emil Salamoğlu
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr