AZ

Bakı sel altında qalır – səbəb nədir?- Millət vəkilindən AÇIQLAMA

Son günlər Bakıda güclü yağışlardan sonra şəhərin müxtəlif ərazilərində yolların və tunellərin su ilə dolması halları geniş müzakirə olunur. Bu vəziyyət həm nəqliyyatın iflic olmasına, həm də vətəndaşların gündəlik həyatında ciddi çətinliklərə səbəb olub. Mütəxəssislər problemin təkcə hava şəraiti ilə deyil, həm də infrastrukturun yetərsizliyi ilə bağlı olduğunu qeyd edirlər. Bu isə aidiyyəti qurumların fəaliyyəti və görülən işlərin effektivliyi məsələsini gündəmə gətirir. Eyni zamanda, bu cür halların təkrarlanması problemin sistemli xarakter daşıdığını göstərir.

Maraqlıdır, bu vəziyyətlə bağlı məsuliyyət hansı qurumların üzərinə düşür və gələcəkdə belə halların qarşısını almaq üçün hansı nəzarət və ya qanunvericilik addımları atılmalıdır?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində baş verən güclü yağışlar nəticəsində daşqınlar yaranıb və fəsadlar törədib:

“Bu problem yalnız Bakı şəhərində deyil, həmçinin Bakı ətrafı qəsəbələrdə və regionlarda da eyni çətinlikləri yaradıb. Son günlər baş verən hadisələr təbii fəlakət xarakteri daşıyır. Belə hallarda dağıntıların yaranması və sosial infrastrukturun fəaliyyətinin iflic olması normaldır. Hətta dünyanın inkişaf etmiş ölkələrində də sel suları ciddi fəsadlar törədir.

Əsas məsələ odur ki, təbii fəlakətlər baş verdikdə müvafiq qurumlar qabaqlayıcı tədbirlər görsün və yaranan fəsadları dərhal aradan qaldırsın. Məsələn, Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturlarının bu istiqamətdə imkanları var. Lakin bu imkanlardan necə istifadə olunması, vətəndaş çağırışlarına necə reaksiya verilməsi və daşqın baş verən ərazilərdə hansı qabaqlayıcı tədbirlərin görüldüyü təhlil edilməlidir. Dövlət məmurları iş başında olmalı və təbii fəlakətin yaratdığı fəsadları dərhal aradan qaldırmaq üçün çalışmalıdır. Eyni zamanda, şəhər infrastrukturu xırda yağış sularının kənarlaşdırılmasına da hazır olmalıdır.”

Deputat qeyd edib ki, Bakı şəhərinin su-kanalizasiya sistemləri əsasən xırda yağışları nəzərə alaraq qurulub, intensiv yağışların idarə olunması üçün kollektorlar və drenaj sistemləri ya nəzərdə tutulmayıb, ya da kifayət qədər hesablanmayıb:

“Ona görə kiçik bir yağış zamanı bəzi tunellər su altında qalır və yollar bağlanır. Bu halların qarşısını almaq üçün şəhərdə yağış sularını kənarlaşdıran kollektorlar və drenaj sistemləri tikilməlidir.

Düzdür, 2026-2030-cu illərdə Bakı və Abşeron yarımadasının su-kanalizasiya sistemlərinin yenidən qurulması və yağış sularının idarə olunması ilə bağlı Dövlət Proqramı qəbul edilib. Bu proqram həm böyük maliyyə, həm də geniş tikinti işlərini tələb edir. Proqram tam icra olunana qədər yağış suları müəyyən fəsadlar törətməkdə davam edəcək və bu məsələni lokal şəkildə həll etmək mümkün deyil. Problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
42
editor.az

10Mənbələr