AZ

Ankarada ailə, qadın və uşaq hüquqlarına həsr olunmuş beynəlxalq konfrans keçirildi

3 aprel 2026-cı il tarixində Ankara şəhərində ailə, qadın və uşaq hüquqlarına həsr olunmuş II Beynəlxalq Konfrans yüksək səviyyədə keçirilib. Tədbir beynəlxalq hüquqi əməkdaşlığın inkişafı, ailə institutunun qorunması və həssas qrupların hüquqlarının müdafiəsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

Konfrans Ankara Universiteti, Çağ Universiteti, Mersin Barosu və Injuria Hüquq Platforması tərəfindən təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, akademiklər və hüquq ictimaiyyəti geniş tərkibdə iştirak edib.

QHT.az bildirir ki, konfransın açılış mərasimində vəkil Sahra Düzgün Tücel, Kəmalə Məmmədova, Necdet Ünüvar və Erinç Sağkan çıxış edərək ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Konfransın elmi hissəsi diplomatik sessiya ilə başlayıb. Paneldə millət vəkili Hicran Hüseynova, Məhəmməd Quluzadə, Türkan Qaraxanova və Özge Aydiş Toy çıxış edərək dövlət siyasəti və beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər. Məhəmməd Quluzadə tədbir çərçivəsində bir sıra rəsmi görüşlər keçirərək tərəfdaşlara elmi təşəbbüslər və nəşrlər barədə məlumat verib.

Günün ikinci yarısında boşanma hüququna həsr olunan paneldə Ömer Özgür Ünlü sədrliyi ilə aktual məsələlər müzakirə olunub. Şebnem Akipek Öcal ailə mənzili, Erdem Şimşek təzminat mexanizmləri, Ceren Pakman isə boşanmanın psixoloji tərəfləri barədə çıxış edib. Zümrüd Alizadə isə rəqəmsal dövrdə şəxsi məlumatların qorunması mövzusuna toxunub.

Daha sonra qadın hüquqları üzrə panel İrem İleri moderatorluğu ilə davam edib. Sera Reyhani Yüksel qadın əməyinin hüquqi qiymətləndirilməsi, Remzi Demir gender əsaslı cinayətlər, Nailə İsmayılova isə qadınların vətəndaş cəmiyyətində rolu barədə fikirlərini bölüşüb.

Konfransın yekununda uşaq hüquqları üzrə panel keçirilib. Sessiyada Hasan Ayrancı, Hayrunnisa Özdemir, Fahri Erdem Kaşak və Xəyalə Cəfərova çıxış edərək müxtəlif hüquqi məsələləri geniş müzakirə ediblər.

Qeyd edək ki, konfrans beynəlxalq hüquqi dialoqun gücləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verib.

Zəhra Ağayeva

Seçilən
39
qht.az

1Mənbələr