AZ

İSRAİL VƏ AVROPAYA QAZ İXRACI: RESURS, MARŞRUT VƏ RƏQABƏT-DEPUTAT YAZIR » AzadMedia.az

İSRAİL


Yaxın Şərqdə davam edən müharibə Avropa qaz bazarında ciddi təzyiqlər yaradıb. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması və Qətər LNG infrastrukturuna dəyən ziyan bazarda rəqabəti daha da kəskinləşdirib. Bu fonda Avropanın diqqəti yeni alternativ mənbələrə, o cümlədən İsrail qazına yönəlir.

Mövzu ilə bağlı deputat Tahir Mirkişili bildirib ki, Avropa qaz bazarında baş verən dəyişikliklər Azərbaycan üçün də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, İsrail 2010-cu ildə Aralıq dənizində regionun ən iri qaz yataqlarından biri olan Leviathan qaz yatağı kəşf edib. İlkin ehtiyatları təxminən 620 milyard kubmetr qiymətləndirilən bu yataq həcminə görə Şahdəniz qaz yatağı ehtiyatlarının təxminən yarısına bərabərdir.
Deputat qeyd edib ki, İsrailin 2025-ci ildə bu yataqdan hasilatı 11 milyard kubmetr olub və layihənin genişləndirilməsi ilə 2029-cu ilə qədər bu göstəricinin 21 milyard kubmetrə çatdırılması planlaşdırılır. Layihənin əsas tərəfdaşlarından biri Chevron şirkətidir.
Hazırda İsrail qazı əsasən Misir üzərindən LNG formasında Avropaya çatdırılır. Lakin bu marşrutun baha olması səbəbindən alternativ ixrac yolları da müzakirə olunur.

Deputatın sözlərinə görə, mümkün marşrutlar arasında EastMed boru kəməri (İsrail–Kipr–Yunanıstan–İtaliya) texniki çətinliklər və yüksək investisiya tələbi səbəbindən riskli hesab olunur. Digər alternativ isə TANAP və TAP vasitəsilə Türkiyə üzərindən Avropaya çıxışdır. Lakin Türkiyə ilə İsrail arasındakı siyasi münasibətlər bu marşrutun reallaşmasını çətinləşdirir.

Mirkişili vurğulayıb ki, hazırda ən real variant Misir üzərindən LNG ixracıdır və bu bazarda əsas rəqiblər ABŞ və Qətərdir.
Azərbaycanın mövqeyinə gəldikdə isə deputat bildirib ki, ölkə artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya sabit qaz tədarükü həyata keçirir. Bu isə Azərbaycanın əsas üstünlüyüdür. Çünki mövcud boru kəməri infrastrukturu üzərində qurulan ixrac həm texniki, həm də kommersiya baxımından daha dayanıqlıdır.

Deputat əlavə edib ki, İsrail qazı böyük potensiala malik olsa da, marşrut baxımından hələ də üçüncü ölkələrdən və regional infrastrukturlardan asılıdır. Bundan əlavə, 2026-cı ilin fevralından etibarən İsrailin təhlükəsizlik səbəbilə LNG ixracını dayandırması Avropa alıcılarını daha etibarlı və sabit tədarükçülərə yönəldib.

Nəticə etibarilə, Avropa Birliyi qaz bazarında artıq Norveç, Azərbaycan, ABŞ və Qətər kimi müxtəlif mənbələrdən formalaşmış portfel mövcuddur. Bu səbəbdən yeni daxil olan ölkələr əlavə mənbə kimi çıxış edəcək.
Tahir Mirkişilinin fikrincə, Azərbaycan həm mövcud infrastruktur, həm də zəngin ehtiyatları hesabına Avropa bazarında mövqeyini daha da gücləndirmək üçün real imkanlara malikdir.

Seçilən
48
50
azadmedia.az

10Mənbələr