AZ

Yeniyetmə aqressiyasının psixoloji kökləri

Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində baş verən hadisə zamanı 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü həyat yoldaşı bıçaq xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə xəsarət alanların 2008-ci il təvəllüdlü oğlu olduğu bildirilir. Bu hadisə cəmiyyətdə yeniyetmələrin davranışı, ailədaxili münasibətlər və sosial mühitin təsiri ilə bağlı ciddi suallar doğurub. 

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında yeniyetmələrin valideynlərinə qarşı zorakı davranışlarının adətən bir neçə psixoloji faktorun təsiri ilə formalaşdığını bildirib. Onun sözlərinə görə, bu cür halları yalnız ani emosional partlayış kimi qiymətləndirmək düzgün olmaz.

Z.Mustafayevanın sözlərinə görə, yeniyetmələrdə valideynlərə qarşı aqressiv davranışların kökündə ailədaxili gərginlik, ünsiyyət çatışmazlığı, zorakılığa şahid olmaq və emosional laqeydlik kimi səbəblər dayanır. O qeyd edib ki, yeniyetməlik dövründə impulsivliyin yüksək olması yığılmış aqressiyanın nəzarətsiz şəkildə üzə çıxmasına gətirib çıxara bilər.

Zenfira Mustafayeva bildirib ki, zahirdə qəfil görünən bu hadisələr əslində uzun müddət ərzində formalaşan psixoloji gərginliyin nəticəsidir. O vurğulayıb ki, “partlayış bir anda baş verir, lakin onun səbəbləri zamanla formalaşır və yığılır".

Müsahibimiz diqqətə çatdırıb ki, valideynlər bir sıra risk siqnallarına xüsusi həssaslıqla yanaşmalıdırlar. Aqressiyanın artması, kəskin əhval dəyişiklikləri, qapanma, empatiyanın azalması, tez-tez mübahisələr və qaydalara qarşı sərt müqavimət əsas xəbərdaredici əlamətlər sırasındadır. Onun sözlərinə görə, uşağın özünü ifadə etməkdə çətinlik çəkməsi və daxili gərginliyi də diqqətdən kənarda qalmamalıdır.

Z.Mustafayeva əlavə edib ki, belə hallardan sonra psixoloji reabilitasiya həm yeniyetmə, həm də ailə ilə paralel şəkildə aparılmalıdır. O bildirib ki, fərdi terapiya zamanı emosiyaların idarə olunması və aqressiyanın əsas səbəbləri üzərində işlənməli, ailə daxilində isə sağlam ünsiyyət və sərhədlər yenidən qurulmalıdır.

Müsahibimiz vurğulayıb ki, “Məqsəd yalnız mövcud problemi həll etmək deyil, gələcəkdə onun təkrarlanmasının qarşısını almaqdır".

Fatimə Nəbiyeva

Seçilən
12
qht.az

1Mənbələr